İyunun 14-də xəbər yayıldı ki, konkret nə işlə məşğul olduğu bilinməyən, adına Təhsil Problemləri İnstitutu deyilən xeyli «parazit» qurum bekarçılıqdanmı, yoxsa qərəzçilikdənimi, bir müzakirə açıb və orta məktəblərimizdə «Azərbaycan tarixi» fəninin tədrisinin ləğv olunması məsələsini «müzakirə edib». Daha deyilmədi ki, bu «ehtiyac» nədən yaranıb, sifarişdirsə (böyük ehtimalla, sifarişdir!), haradan gəlib?..

Sonra A.Bakıxanov adına Tarix İnstitutu bunu pisləyən bir bəyanatla çıxış etdi: «İnsanı təəccüb bürüyür: Görəsən, müstəqillik dövründə, özü də ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə böyük önəm verdikləri halda, yeni nəsilə , xüsusən də gənclərimizə vətənpərvərlik ruhunun aşılanması ən mühüm vəzifə kimi qarşıda durduğu bir zamanda, nəhayət Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə «Azərbaycan tarixi» fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?»

Ardınca məlum təşəbbüsün müəllifi olan «müftəxor yığnağı» xəbəri xeyli maraqlı və ikibaşlı formada, guya, təkzib etdi. Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov APA-ya bildirdi ki, çalışdığı institutda (institutda haaa!!!) aparılan müzakirələrdə orta məktəblərdə «Azərbaycan tarixi» fənninin tədrisinin ləğv olunması barədə məsələ ümumiyyətlə, müzakirə olunmayıb. Onun sözlərinə görə, iyulun 10-da «institut»da aparılan müzakirələrdə fənlərin inteqrasiyası məsələsi müzakirə olunub: «Biz çalışırıq ki, «Ümumi tarix» fənnini «Azərbaycan tarnixi» fənni müstəvisində öyrədək. Bizim məqsədimiz bundan ibarətdir. Söhbət bundan gedir...». Məkrin, riyakarlığın miqyasına diqqət yetirdinizmi?! Hörmətli «institut» direktorunun müavini söhbətinin əvvəlində deyir ki, «Azərbaycan tarixi» fənninin tədrisinin ləğv olunması müzaikirə edilməyib, sonra isə əlavə edir ki, məqsədləri «Ümumi tarix»lə «Azəbaycan tarixi» fənnini «inteqrasiya» etməkdən ibarətdir. Əslində, mahiyyətcə, bunların arasında heç bir fərq yoxdur - «Azərbaycan tarixi» fənninin tədrisini birbaşa ləğv etmək, ya da onu «Ümumi tarix» fənni daxilində «gizlətmək» eyni məqsədə xidmət göstərən ziyankar niyyətdən başqa bir şey deyil. Başqa sözlə, bir atalar məsəlində deyildiyi kimi, «Ya keçəl Həsən, ya da Həsən keçəl - nə təfavütü var?»

Bir atalar məsəli də var - «Yanmasa, tüstü çıxmaz...». Tarix İnstitutunun çıxışından sonra bir qədər «qınına çəkilməyə» məcbur olan «müftəxorlar institutu» nə qədər burcutmağa çalışsa da, «xoruzun quyruğu»nu gizlədə bilməzdi və gizlədə bilmədi də. Deməli, gerçəkdən də «torbada pişik var». İndi gərəkdir ki, Azərbaycan cəmiyyəti, gerçək alimlərimiz, müəllimlərimiz torbanın sahibini axtarıb tapsın, içindəki pişiyi çıxarıb xalqımıza göstərsin - görək, pişik nə rəngdədir?

Maraqlıdır ki, bütün bunların fonunda Təhsil Nazirliyi israrla susmaqdadır. Sanki deyilənlərin ona heç bir aidiyyatı yoxdur...

Belə olmasaydı, onsuz da illərdir ki, fəaliyyətsizliyi və ya ziyankar fəaliyyəti ilə özünü rüsvay etmiş, vaxtaşırı «qoy desinlər, molla tacir olub» məntiqi əsasında toplantılar keçirməklə ictimaiyyəti və dövləti aldatmaqla məşğul olan Təhsil Problemləri İnstitutunu çoxdan ləğv edər, mütərəqqi və işlək əsaslarla onu yenidən qurardı.

Məqamındaca qeyd etməliyəm ki, bu qurumun fəaliyyətsizliyi Azərbaycanın təhsil sistemini sarmış çoxsaylı problemlərin miqyasının ildən-ilə genişlənməsi ilə təsdiqini tapır. Başqa sözlə, onun adı ilə fəaliyyət göstəriciləri bir-birini prinsipcə təkzib edir...

Burada bir haşiyəyə çıxmaq yerinə düşərdi. Məktəb illərində bir tarix müəllimimiz var idi. Dövrünün savadlı nümayəndəsi, ixtisasını yaxşı bilən, çox hazırcavab bir adam idi - bizlərdə beləsinə «söz ustası» deyərlər. Bir gün, söhbət əsanasında müəllim olduğunu öyrənən bir həmsöhbəti ondan nə müəllimi olduğunu soruşur. Müəllim də gülə-gülə cavab verir: «Marksın başmaqlarını cütləyirəm». Yəni ki, tarix müəllimiyəm...

Gerçəkdən də sovetlər dönəmində hər şey «partiyalı» olduğu kimi, təhsil də partiyalı idi və bizim müəllim də buna işarə vurmuşdu. O dövrdə yaşamış insanlarımız bilirlər ki, sovetlərin hakimiyyəti illərində «SSRİ tarixi» adı altında Azərbaycan məktəblərində şagirdlərə «zorla» saxta Rusiya tarixi sırınırdı (məsələn, Kiyev Rus dövlətinin tarixi, İvan Qroznı, Pyotr... dövrünün təhrif edilmiş tarixi və s.). O zaman müəllimlərimiz «Azərbaycan tarixi» fənnini bizlərə «ev tapşırığı» formasında «tədris» edirdilər. Nədən ki, o illərdə Moskvanın məkrli siyasəti ilə «Azərbaycan tarixi» fənni «SSRİ tarixi» fənninin içərisində «gizlədilmişdi». Direktor müavini Abbasovun açıqlmasından görünür ki, indi də Təhsil Problemləri İnstitutu «Azərbaycan tarixi» fənnini «Ümumi tarix» fənninə «inteqrasiya etmək», yəni ki, onun içərisində gizlətmək çəhdlərinə baş vurub. Ona görə də gərəkdir ki, onlardan soruşulsun: cənab «ziyankar»lar, siz kimin başmaqlarını cütləyirsiniz?!

Hesab edirəm ki, adı çəkilən İnstituta, Təhsil Nazirliyində aparıcı vəzifə tutmuşlara, tarix və etnoqrafiya institutlarına və s. bir balaca əl gəzdirmək lazımdır ki, baxaq görək, bu ünvanlarda çalışanların neçə faizi «etnik»dir?!

Nə kələkdirsə, ölkədə Azərbaycan dilinə (Dövlət dilinə) də münasibət Azərbaycan tarixinə olan münasibətdən irəli getmir. Məsul dövləti vəzifə daşıyan şəxslərimizin (məmurlarımızın) bir çoxu Dövlət dilində əməlli-başlı danışa bilmir, danışmaq istəmir və ya çox pis danışır. Elə təsəvvür yaranır ki, Azərbaycanda məmurları yüksək vəzifələrə təyin etmək üçün seçim meyarlarından biri də Azərbaycan dilini bilməmək və ya da bu dilə nifrət bəsləməkdir. Məhz belə yabançı tendensiyanın dolayı nəticəsidir ki, hətta ölkənin kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyəti də Ana dilində əməlli başlı yaza və ya danışa bilmir, qəzetlər, saytlar, televiziyalar isə dilimizə xüsusi amansızlıqla divan tuturlar. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları da bundan geri qalmırlar. Məsələn, bu yaxınlarda Ana Vətən Partiyasının işdən çıxarılmış mətbuat katibi (sonradan məlum oldu ki, həmin cavan xanım kollecdə oxuyubmuş) işdən qovulması barədə belə yazmışdı: «Coverimdə gördüyünüz şəkli cover etdiyim üçün məni...» - yəni ki, məni buna görə işdən çıxartdılar və s.

Hesab edirəm ki, bütün bunlar təsadüf və təsadüfün nəticəsi deyil və problemin həlli siyasi iradə tələb edir. Yəni ki, Dövlətin başçısı siyasi iradə nümayiş etdirməli, dilə münasibətdə «qabalıq» nümayiş etdirənlərə barmaq silkələməlidir. Necə ki, mərhum Prezident Heydər Əliyev vaxtaşırı bunu edirdi...

Nə üçün belə düşünürəm? Müşahidələr göstərir ki, Dövlət dilinə (və Azərbaycanın tarixinə) yabançı münasibət əslində, çox yüksək instansiyalardan qaynaqlanır. Məsələn, Nazirlər Kabinetinin nəzdində bir «Ana dili» komissiyası var ki, sədri Baş nazir Artur Rəsizadədir. Bu şəxs isə yumşaq desək, Azərbaycan dilini SEVMİR! Belədə, daha bu komissiyanın bir faydası olarmı?

Başqa bir misal. Bu gün yayılan bir xəbərdə deyilir ki, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, tanınmış türkoloq-alim Tofiq Hacıyev vəzifəsindən istefa verib! Əcəba, nə üçün? Heç şübhə etmirəm ki, bu qərar Tofiq müəllimə yuxarılardan olan təzyiqlərin birbaşa və dolayı nəticəsindən başqa bir şey deyil. Nədən ki, Tofiq Hacıyev dilə münasibət məsələsində hər zaman prinsipial mövqe nümayiş etdirib. O, həm də yuxarıda adını çəkdiyim «Ana dili» komissiyasının üzvüdür. Bu da «yabançılar»ın xoşuna gələ bilməzdi. İndi ondan bu cür intiqam allırlar...

Odur ki, Ana dilini sevən hər bir azərbaycanlı (istər alim olsun, istər çoban) Ana dilinin, «Ana dili» komissiyasının, komissiyanın üzvü Tofiq Hacıyevin müdafiəsinə qalxmalı, onun istefasının üstündən xətt çəkilməsinə nail olmaq istiqamətində səsini ucaltmalıdır.

Hörmətli oxucular, hesab edin ki, bu, bir ÇAĞIRIŞDIR - dilimizin, tariximizin müdafiəsinə həsr olunmuş ictimai çağırış! Vətəndaşlıq borcunu dərk edən hər kəsi bu çağırışa qoşulmağa dəvət edirəm...

Mirzə AĞ

AzPolitika.info