Qarabağdakı erməni hərbi qüvvələri yanvarın 19-dan 20-ə keçən gecə təmas xəttində bir neçə istiqamətdən Azərbaycan ordusunun təxribat qrupunun hücumuna məruz qaldığını bildirir.

Məlumatda iddia edilir ki, hücumun qarşısı alınarkən kiçik çavuş Armen Ovannisyan həlak olub, Azərbaycan əsgərləri də canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkiliblər.

Bunlar Qarabağı nəzarətdə saxlayan erməni qüvvələrinin rəsmi məlumatıdır. Amma hələlik bununla bağlı Azərbaycan tərəfdən hər hansı informasiya yayılmayıb.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında altı rayonunu işğal edib. Azərbaycanla Ermənistan 1994-cü ildə atəş razılaşması imzalasalar da hələlik sülh danışıqları yekun nəticə verməyib.

Tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.