Menu

HDP liderinin qardaşı öldürülüb?

01.08.2015, 00:24
HDP liderinin qardaşı öldürülüb?

Türkiyənin son hərbi əməliyyatlarında HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın böyük qardaşı Nurəddinin öldürüldüyü güman olunur.Strateq.az xəbər verir ki, əməliyyatların ilk günündən etibarən Nurəddin Dəmirtaşın ağır yaralandığı xəbər verilirdi. PKK tərəfindən nə təsdiq, nə də təkzib olunan bu ehtimalı HDP liderinin bir açıqlaması qüvvətləndirir.

Belə ki Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Çin səfərinə gedərkən jurnalistlərin sualına verdiyi cavabında Səlahəddin Dəmirtaşı nəzərdə tutaraq demişdi: “Abisi dağda yetişmiş biridir, hələ də dağdadır. Özü də arada bir dağa çıxır”.

Prezidentin bu ittihamlarına Səlahəddin Dəmirtaşın cavabı isə xeyli düşündürücü oldu. Fransanın xəbər agentliklərindən AFP-yə verdiyi açıqlamasında HDP lideri deyib: “Hörmətli Ərdoğan məsələləri çox şəxsiləşdirir. Məncə, bu, səhv yanaşmadır. Mənim Ərdoğana qarşı xüsusi bir düşmənliyim yoxdur. Onun şəxsiyyətiylə bağlı hansısa dərdim də yoxdur. Özü səhv siyasətlər yürütməsə, biz də ona bir prezident kimi hörmət edərik. Ona qarşı çıxdığımız tək məsələ ölkədə təkbaşına səltənət qurmaq istəyidir. Əgər özünü şəxsi ehtirasına qurban verirsə, bu onun problemidir. Qardaşıma gəlincə, onunla əlaqə belə qura bilmirəm. Ölüb-qaldığından xəbərim yoxdur. Ondan heç bir xəbər ala bilmirəm.  O ki qaldı dağa çıxmaq məsələsinə, hər kəs bunu yaxşıca başa düşməlidir ki, dağa çıxmaq çətin məsələ deyil. Sadəcə, bir anlığa qərar verirsən və dağa çıxırsan. Burdayıqsa, deməli, burda olmağın daha xeyirli olduğunu düşünürük. Dağın çözüm yolu olduğuna inansaydıq, burada bir an belə durmazdıq. Narahat olmasın, dağa çıxmaq çətin deyil. Burda qalmaq çətindir. Biz çətin işi çiyinlərimizə götürmüşük. Çünki problemin bu cür həll edilə biləcəyinə inanırıq”.

HDP liderinin bu açıqlamasındakı “Qardaşıma gəlincə, onunla əlaqə belə qura bilmirəm. Ölüb-qaldığından xəbərim yoxdur. Ondan heç bir xəbər də ala bilmirəm” cümlələrini Nürəddin Dəmirtaşın öldürülməsinin etirafı kimi qəbul edən çevrələr bir müddət əvvəl yayılan xəbərlərin həqiqət olduğuna inanırlar. Məlumatlara görə, PKK-çıların ratsiya ilə danışıqlarında da bu ölüm xəbəri etiraf olunub.

Nurəddin Dəmirtaş PKK-nın əsas liderlərindən hesab edilirdi. Baxmayaraq ki, HDP lideri bu ittihamla razılaşmır, qardaşının Ərbildə ticarətlə məşğul olduğunu deyirdi. Şahidlər isə onun Qəndildə olduğunu və heç vaxt ordan ayrılmadığını xəbər verirdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol