Qələndər Muxtarlı:"Sabah hansısa ləyaqətli adamın həbs olunmasında sifarişçinin Rauf Arifoğlu olduğunu desələr, mən qətiyyən təəccüblənmərəm"
İsgəndər Həmidov: « Qələndər Muxtarlı partiyanı yaradanlardan biridir və heç kim onun fəaliyyətinin üstündən xətt çəkə bilməz. Kimlərinsə təxribatına uymasınlar»
“Yeni Müsavat” qəzetinin Milli Şura üzvlərinə qarşı hücumu davam edir. Kimlər ki, Milli Şuranın saxlanmasını zəruri hesab edir, “Yeni Müsavat” qəzetinin tutduğu mövqeyini bölüşmür, həmin adamlar dərhal ittihamlarla üzləşir. Son günlər Milli Şura üzvü, ADMP-nin sədri Qələndər Muxtarlı da “Yeni Müsavat” üçün arzuolunmaz şəxsə çevrilib.
Ilk olaraq Rauf Arifoğlu Qələndər Muxtarlının tutduğu mövqeyi tənqid etdi. Ötən gün isə “Yeni Müsavat” qəzetində ADMP üzvü Səfər Hümbətovun açıqlaması dərc olundu. “Qələndər Muxtarlı partiyanın sədri deyil və onun özünü sədr kimi təqdim etməsi növbəti dələduzluqdur. Qələndər Muxtarlı ”Boz Qurd" qəzetinin baş redaktoru olduğu dövrdə dələduzluq etdiyi üçün qovulmuşdu. O, “boz qurd” adını doğrulda bilmədi. Onu sonradan bağışlayıb partiyaya qaytardılar. Ancaq bəlli oldu ki, bu adam düzələn deyil. Onu kimsə qızışdırıb danışdırır. Yaxşı olar ki, sussun"- deyə Səfər Hümbətov bildirib.
Səslənən fikirlərə münasibətində Qələndər Muxtarlı bildirdi ki, bioqrafiyasında ləkəli səhifə yoxdur və Səfər Hümbətov Rauf Arifoğlunun diktəsi ilə öz partiya yoldaşına böhtan atmaq səviyyəsinə enib: “Səfər Hümbətovla partiyada münasibətlərimiz normal olub. Amma Səfər Hümbətovun bu qədər böhtana əl atmasını, sifariş edən tərəf qarşısında bu qədər itaət etməsini başa düşə bilmirəm. Hesab edirəm ki, Səfər bu vəziyyətə düşübsə, deməli, sifarişçi qarşısında böyük öhdəliyi və gözükölgəliliyi var. Şübhəsiz ki, həm Isgəndər Həmidov, həm də digər partiya yoldaşlarımız bu açıqlamalara münasibət bildirəcək. Mənim nə partiyadan qovulmaq kimi bir halım olub, nə də hansısa maliyyə məsələsində problemim yaranıb. Mən gözəl bilirəm ki, niyə məhz Səfəri bu vəziyyətə salmaq mümkün olub. Rauf Arifoğlu bu məsələdə müxalif tərəf deyil, hökumət tərəfinin sifarişin yerinə yetirir, müxalifəti gözdən salır, ləyaqətli insanları ləkələməyə çalışır. Sabah hansısa ləyaqətli adamın həbs olunmasında sifarişçinin Rauf Arifoğlu olduğunu desələr, mən qətiyyən təəccüblənmərəm. Mənim əleyhimə deyilən sözlər heç bir əxlaqa, mənəviyyata sığışmır. Ancaq Rauf Arifoğlu bu adamları bizim əleyhimizə qaldırır və müxalifətin parçalanmasının arxasında bu adam durur. Mən konkret ittiham edirəm ki, partiya yoldaşımı mənim əleyhimə danışmağa məcbur edən Rauf Arifoğludur. Mənim həmişə deməyə sözüm var, bu yolda həbs olunmuşam, işgəncə görmüşəm, ilk könüllü batalyonu yaradıb müharibədə döyüşmüşəm və hər zaman sabit mövqeyim olub. Mənim əleyhimə kimin faktı varsa, buyursun nümayiş etdirsin. Mənə böhtan atan adamlar, yaxşı olar ki, Rauf Arifoğlunun yanında bu şəklə düşməklərinin səbəbin də açıqlasınlar. Rauf Arifoğlu yaxşı bilir ki, Səfər niyə belə danışır və bunun kökündə nə durur. Əgər bunu açıqlamağa Rauf Arifoğlu çətinlik çəkərsə, mən Raufa ipucu verə bilərəm və niyə bu işləri gördüyünü ona sübut edərəm. Mən bu qarşıdurmadan geri çəkilən deyiləm. Çünki bu həm də dəyərlərin, əxlaqların savaşıdır”.



Şərhlər