Menu

Milli Şuranın Koordinasiya Şurası ilk iclasını keçirdi

22.01.2014, 21:23
Milli Şuranın Koordinasiya Şurası ilk iclasını keçirdi

Siyasi məhbusların müdafiəsi və azadlığa çıxması 2014-cü ildə Milli Şuranın prioritet hədəflərindən biri kimi müəyyən edilib

Yanvarın 22-də AXCP-nin qərargahında Milli Şuranın Koordinasiya Şurasının ilk iclası keçirilib. İclasda Koordinasiya Şurasının üzvlərindən 14 nəfər iştirak edib.

Milli Şurasının mətbuat katibliyindən verilən məlumata görə, iclasda ölkədəki mövcud ictimai-siyasi vəziyyət dəyərləndirilib və Milli Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Ölkədə demokratik seçki mühitinin yaradılması uğrunda mübarizə Milli Şuranın qarşıdakı dönəmdə əsas hədəflərindən biri sayılıb.

Siyasi məhbusların müdafiəsi və azadlığa çıxması 2014-cü ildə Milli Şuranın prioritet hədəflərindən biri kimi müəyyən edilib və bu sahədə atılacaq addımlar müəyyən edilib. Həmçinin Qarabağ döyüşçüsü Zaur Həsənovun intihar olayı ilə bağlı 29 dekabr 2013-cü ildə keçirilən etiraz aksiyasında həbs edilən və cərimələnən ictimai fəallara, Qarabağ döyüşçülərinə hüquqi dəstək göstərmək, o cümlədən cərimələrin ödənilməsində çətinliklə üzləşənlərə yardım etmək üçün marafon keçirməyə qərar verilib.

Milli Şura milli lider M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı 28 yanvarda konfrans keçirəcək və yanvarın 31-də saat 12-də böyük liderin Novxanıdakı abidəsinə ziyarət törəni təşkil edəcək. Koordinasiya Şurasında bu tədbirlər və M.Ə.Rəsulzadənin yubileyi ilə bağlı başqa tələblər müzakirə edilib.

Milli Şuranın gələcək fəaliyyətinin qurulması ilə bağlı müzakirələr aparılıb və bu məsələ növbəti yığıncaqda da davam etdiriləcək. Yaxın günlərdə Milli Şuranın komissiyaları da bu istiqamətdə müzakirələrə başlayacaq.

Məlumatda deyilir ki, yığıncaqda qarşılıqlı ittihamların müzakirə edilməsi və qurumun adının dəyişdirilməsi təklifinin səsləndirilməsi haqda bəzi KİV-lərin yaydığı xəbərlər tamamilə əsassızdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol