Qarabağ problemində vaxt məsələsi..

Hüseynbala Səlimov

Bu isti yay günlərində yazını uzaq İspaniyanın uzaq bölgəsindən - Kataloniyadan başlamaq bir az təəccüblü və bəlkə də bir az da əcaib görünə bilər. Ona görə ki, o insanlara ki, İspaniya maraqlıdır, onlar indi bu yay günlərini elə İspaniyada keçirirlər...

Maraqlanmayanlara isə onsuz da hər şey maraqsızdır. Amma ümid edirik ki, Qarabağla maraqlananlar hər halda çoxdur, xüsusən də əhalinin böyük bir hissəsi bu isti yay günlərini Qarabağda keçirə bilmədiklərinə görə çox acıqlıdırlar...

Qərəz, keçək mətləbə. Kataloniya bölgəsində növbəti seçki-referendum gözlənir. Bölgənin administrasiyası belə hesab edir ki, bu seçkilər müstəqillik məsələsində aydınlaşmaya apara biləcək...

Mərkəzi hakimiyyət, İspaniya isə belə hesab edir ki, müstəqilliklə bağlı referendum ölkənin ali qanuna ziddir, çünki Kataloniyanın İspaniyadan tam ayrılmaq hüququ yoxdur...

Bunları niyə görə deyirik və nədən bu dözülməz yay günlərində sizin istirahətinizi belə uzaq problemlərlə bir növ pozuruq? Məsələ bundadır ki, bu Kataloniya da, İspaniya da Avropadır, Qərbdir...

Özümüzə sual verəndə ki, bəs niyə Avropa Qarabağ məsələsində birmənalı mövqe tutmur, o saat yadımıza salaq ki, Avropada da oxşar problemlər - tutaq ki, İspaniyada Kataloniya, Böyük Britaniyada Şotlandiya problemi var...

Və bütün bu problemlərin içində “bişən” Avropa ona görə də bəzi məsələlərə çox sadə, bir az da sakit baxır... Onlar üçün azlıqların problemi həmişə önəm kəsb edib, ona görə də bu problemlərə çox həssas yanaşırlar...

Bilirsiniz, onları bir çox hallarda başa düşmək bizim üçün olduqca çətin olur. Mənim burada seminarların birində bir əcnəbilə söhbətim yadıma düşür. Həmin o əcnəbi deyirdi ki, biz başa düşə bilmirik ki, necə olur, gürcülər kimi kiçik bir xalq digər xalqın azadlığa canatmasını başa düşə bilmir, necə olur ki, Gürcüstan kimi kiçik dövlət özünü az qala imperiya kimi aparır?..

Mən təbii ki, ona vəizyyəti izah etməyə çalışdım. Hətta Qarabağ haqqında bu adamın fikrini öyrənməyə çalışdım. Amma Qarabağ haqqında bir söz demədi və mən belə başa düşdüm ki, Qarabağ haqqında da o, gürcülərlə söhbət edərkən danışır... Nə etmək olar? Avropalılar belədir... Məsələn, mən çox təəccüb edirdim ki, polyaklar öz torpaqlarının böyük bir hissəsinin Ukraynada və ya Belarusda qalmasından olduqca sakit danışırlar, hətta bu haqda danışanda gülümsəyə bilirlər. Doğrusu, mən bizim torpaqlarımız haqqında və hətta İranda qalan torpaqlarımız haqqında danışanda nəinki gülümsəyə bilmirəm, hətta həyəcansız danışa bilmirəm...

Avropalılar məsələni başqa cür həll ediblər - hər bir avropalı özünü bütün Avropa ölkələrində öz vətənində olduğu kimi hiss edə bilər, orada yaşaya və çalışa bilər...

Bəlkə biz də Qafqazda buna nail olsaydıq onda bizə də çox şey sadə görünərdi. Amma hələki biz avropalıları, avropalılar da bizi çox çətin başa düşürük...

O ki qaldı bu prosesdə zaman məsələsinə, Avropa da, dünya da getdikcə daha çox kosmopolitləşir. Onlar sərhəd məsələləri üzərində baş sındıranları “iki ölçülü coğrafi təfəkkür sahibləri” adlandırırlar. Qitə, Yer kürəsi-getdikcə daha çox insan belə dəyərlərə önəm verir...

Demirik ki, onların içində başqa cür düşünənlər yoxdur. Yox, onlar da var, amma ümumi tendensiya qloballaşmaya meyllidir...

Bir daha özümüz-özümüzdən sorşuruq ki, bu isti yay günlərində sizin vaxtınızı belə məsələlərlə niyə alırıq? Məsələ bundadır ki, hamı deyir ki, guya vaxt bizim xeyrimizə işləyir. Amma belədirmi?..

Təhlil aparanda görürsən ki, həm belə də demək olur, həm də başqa cür. Bəli, dünya getdikcə daha çox iriləşməyə, bütövləşməyə doğru gedir, böyük birliklər və siyasi-iqtisadi ittifaqlar yaranır. Bu, mənada vaxt həm də bizim də xeyrimizə işləyir...

Amma bu qlobal inteqrsaiya prosesinin içində xırdalşama, differensiallaşma tendensiyaları da var. Bəzən deyirlər ki, daha möhkəm birləşmək üçün gəlin indi ayrılaq... Bu mənada isə vaxt, zaman bizim xeyrimizə işləmir...

İndi nə edək? Gəlin Qarabağ problemini mümkün qədər tez həll edək, çünki bu dünyanın işlərini bilmək olmur. Bu gün belədir, sabah isə elə...(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar