Menu

Azərbaycan kürdlərinin PKK-ya dəstək videosu yenidən gündəmdə- VİDEO

07.08.2015, 18:30
Azərbaycan kürdlərinin PKK-ya dəstək videosu yenidən gündəmdə- VİDEO

Tahir Süleyman: “Onlara çox dedim, dinləmədilər, ona görə də həbs edildilər”

Sosial şəbəkələrdə Azərbaycanda yaşayan kürdlərin videogörüntüsü yayılıb. Görüntülərdə özlərini “Azərbaycanda yaşayan kürdlər” kimi təqdim edən bir qrup şəxsin bir araya toplaşması, yeyib-içməsi və əylənməsi əksini tapıb. Bu şəxslər Azərbaycan kürdləri olaraq dünya kürdlərinə əllərindən gələn dəstəyi göstərəcəklərini bəyan edirlər.

Ətraflarını genişləndirmək, çoxalmaq məqsədi ilə tez-tez belə məclislərin təşkil olunmasının vacibliyini dilə gətirən bu şəxslər açıq-aşkar PKK-nı, onun silahlı qolu olan YPG-ni dəstəklədiklərini elan edirlər.

Videogörüntüdə çıxış edən digər bir şəxs isə daha da irəli gedərək hədə-qorxu gəlir. O, kürdlərə qarşı atılacaq pis addımın cavabının veriləcəyini və onlardan uzaq durulmasını tələb edir.

Musavat.com saytının araşdırması zamanı məlum olub ki, bu şəxslər Azərbaycan üçün ciddi təhlükə sayıla biləcək PKK terrorçularını dəstəkləyən YEKBUN təşkilatının üzvləridirlər.

Ötən ilin sonlarında çəkilən videogörüntüdə çıxış edən şəxslərdən biri həbs edilib. Həmin şəxs PKK-nın Azərbaycandakı qanadı elan edilmiş YEKBUN təşkilatının həmtəsisçilərindən biri olan Namiq Nəsibovdur. N.Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur.

Namiq Nəsibov ötən ilin yay aylarında Abdullah Öcalanın şəkli olan köynəkdə çəkilən şəkli ilə ölkə gündəminə düşmüşdü. Öcalanı dəstəklədiyini nümayiş etdirən Namiq Nəsibov 2014-cü ilin noyabrında da gündəmə gəldi. Bu dəfə o, Elnur Ələkbərov adlı şəxslə birlikdə Qaraçuxur məscidini yandırmağa cəhd etdi.

Faktla bağlı Bakı şəhəri Suraxanı rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanıldı. İbtidai istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən edildiyindən istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə həvalə olundu.

MTN-nin yaydığı məlumata görə, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyanın PKK-nın nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK-nın Azərbaycanda qanadı olaraq qeyri-rəsmi YEKBUN təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Onlar sosial şəbəkələrdə Bakıda aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.

Təşkilat üzvləri əsasən “əhli-sünnə” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə ifadə edirlər. Onların məscidi yandırmaq cəhdləri də bununla bağlı olub.

“Azərbaycan kürdləri” İctimai Birliyinin təşkilatının sədri olan Tahir Süleyman YEKBUN təşkilatının indiki fəaliyyəti ilə bağlı musavat.com-a açıqlama verib.

T.Süleyman açıqlamasında bildiriB ki, artıq belə bir təşkilat yoxdur və onun sıralarına qoşulan digər şəxslərin bəziləri Namiq Nəsibovla birgə həbs olunub, bəziləri isə bu yoldan çəkiniblər.

“Namiq 2014-cü ildə Kobanidən gələndə bunları başına yığdı. Nəsə etmək istəyirdilər. Mən onları başa salmağa çalışdım. Fikirlərindən daşındıra bilmədim. Onlara dedim ki, sizin kimi kürdlər olan yerdə mən kürd deyiləm. Bizim Qarabağ kimi problemimiz var. Biz bunun dərdini çəkməliyik. Məni dinləmədilər. Başınız daşdan-daşa dəyəcək dedim, amma inanmadılar. Bir həftə sonra başlarına bu iş gəldi”- deyə təşkilat sədri qeyd etdi.

T.Süleyman Namiq Nəsibovun həbsindən sonra YEKBUN-a qoşulan şəxslərdən bir neçəsinin onların təşkilatına müraciət etdiyini və hal-hazırda təşkilatın sıralarına qoşulduqlarını dedi.

Son günlərdə sosial şəbəkələrdə yayılan videogörüntüdə sonuncu çıxış edən şəxsin kimliyinə gəlincə isə T.Süleyman həmin şəxsin adının Natiq olduğunu və onun da Namiq Nəsibovla birgə həbs olunduğunu dedi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol