Azərbaycan Turizm İnstitutunun tələbəsi P. Məmmədova AzPolitika.info-nun elektron poçtuna şikayət məktubu göndərib. Hazırda magistratura pilləsində təhsil aldığını qeyd edən şikayətçi Turizm İnstitutunda baş verən neqativ hallardan danışır. Müəllif yazır:

“Mən hal-hazırda Azərbaycan Turizm İnstitutunun magistratura şöbəsində təhsil alıram. Bu məktubu sizə yazmağa, bu dırnaqarası təhsil müəssisəsində hökm sürən anormal vəziyyət məcbür edir.

Təhsilimi davam etdirmək üçün bu institutu seçərkən, burda yüksək təhsilin olduğu, peşəkar müəllimlərin dərs keçdiyi, şəffaflığın hökm sürdüyü haqda məlumatlara inandım. Çox keçmədən bütün bunların yalan olduğu üzə çıxdı.

Burda təhsil alan bakalavrlar və işçilər baş verən neqativ hallar haqda ağlasığmaz məlumatlar verirdilər, bir çox məsələlərin isə özüm şahidi oldum.

Azərbaycan Turizm İnstitutunda təhsilin keyfiyyəti ümumiyyətlə yoxdu, burda dərslər çox aşağı səviyyədə keçirilir, ixtisaslar üzrə müəllim demək olar ki, yoxdu. Magistraturada təhsil alan tələbələr auditoriyada mühazirə keçirlər. Burada təhsil alan 1200 tələbənin 5500 kəsiri var, bu kəsirlərin əksəriyyəti də süni yaradılmış kəsirlərdir.

ATİ rəhbərliyi hər yerdə şəffaflığın olmasından dəm vurarkən, burda ilk dəfə mədəni rüşvət ixtira ediblər. Belə ki, kəsiri olan tələbələr məcbur edilir ki, kəsir məktəblərində, sessiyalarda kəsiri verərkən kreditin hər birinə 41 manat ödəniş etsinlər. Təsəvvür edin, ingilis dili fənninin 8 krediti var, bu zaman tələbə 328 manat ödəməyə məcburdur, hələ bu onun kəsiri verə biləcəyinə təminat vermir. Belə məktəblər il ərzində 4-5 dəfə keçirilir. hər birində də 70-80 min manat vəsait toplanır. Bu vəsaitin hara getdiyi isə məlum deyil.

Tələbələrin dediyinə görə, institutda bir dərsdə iki qrupa dərs keçmək, gün ərzində 3 saat dalbadal eyni dərsi keçmək, hər il kurukulumların, semestrin ortasında dərs deyən müəllimlərin dəyişməsi burda adi haldır. Burda çalışan işçilərin dediyinə görə, yayda institutu yoxlayan audit komissiyası milyon yarım yeyinti aşkar edib, bunu sonra necə ört-basdır ediblərsə, o başqa məsələdi. Hətta deyilənə görə, institutun qarşısına qoyulmuş dörd ədəd bayraq dirəyinə 800 manat xərc çəkilsə də, bunu 12000 manata rəsmiləşdiriblər. İnstitutun rəhbərliyində isə dərəcəsi olmayan insanlar çoxdur. Prorektorun elmi dərəcəsi yoxdur, amma hamıya olduğunu deyirlər. Üç fakültə dekanından ikisinin və prorektorun Türkiyədə müdafiə etdiyi vurğulanır, amma AAK rəsmi saytında onların adı yoxdur, üçüncüsü isə ümumiyyətlə tibb sahəsindən müdafiə edib. Dekan müavinlərindən yalnız birinin texniki sahə üzrə dərəcəsi var. İnstitutda turizm sahəsində böyük təcrübəsi olan kadrlar, ümumiyyətlə irəli çəkilmir, əksinə onlar incidilir. Eşitdiyimə görə, bəzi tələbələr analıq məzuniyyətinə, xəstəliyə görə möhlət götürsə də, onları dərsə gəlmədikləri bəhanəsi ilə institutdan azad ediblər.

Bütün bunları sizə yazmağın məqsədi buranı seçmək istəyən insanlara səslənməkdir. Burda təhsil yoxdur, yalnız məqsədləri tələbələri incitmək, onlara əziyyət verməkdir. Ona görə buranı seçməsinlər.”

Azərbaycan Turizm İnstitutunun mövqeyini dərc etməyə hazırıq.

V.Nəsibov

Redaksiyadan: AzPolitika.info-nun elektron poçtuna daxil olan bu şikayət məktubu dərc olunduqdan sonra, özünü "Turizm İnstitutunun hüquqşünası Aydın Kərimov" kimi təqdim edən bir şəxs redaksiyaya zəng vurub və məktubun dərcinə etirazını bildirib. Lakin maraqlıdır ki, bir ali təhsil müəsissəsini təmsil edən, özünü tanınmış hüquqşünas kimi təqdim edən bu şəxsin etirazı küçə adamı səviyyəsində olub. İnstitutun təmsilçisi məhkəməyə müraciət edəcəklərini deyib və ardınca alçaqcasına söyüşlər edib.

Turizm İnstitutunun təmsilçisinin bu tərbiyəsizliyini görəndən sonra, bizdə tam qənaət formalaşdı ki, belə adamların işləyə bildiyi bir ali məktəblə bağlı yuxarıdakı şikayət məktubunda yazılanlar tam əsaslı ola bilər. Ona görə də, bu iddiaların məhkəmə müstəvisində araşdırılması nəinki lazımdır, hətta zəruridir. Biz belə bir məhkəməyə hazırıq və əminik ki, Aydın Kərimov kimi adamların yol tapdıqları institutda nəinki, 1.5 milyon manat mənimsənilə bilər, hətta daha ciddi yaramazlıqlar tuğyan etməlidir. Buyurun, məhkəməyə verin!