Mirzə AĞ
Umumi kontekstdən çıxarılmış başlıqda verdiyimiz fikir böyük rus şairi Fyodor Tütçevə məxsusdur və 28 noyabr 1866-cı ildə yazmış olduğu «Умом Россию не понять» şerində yer alıb:
Умом Россию не понять,
Аршином общим не измерить:
У ней особенная стать —
В Россию можно только верить»
Bu mövzuda düşüncələrə daldıqca, aydın olur ki, göstərilən bəndin birinci misrası rus əxlaqını, rus məişətini, rus psixologiyasını və ümumiyyətlə, rus mentalitetini nə qədər dolğun ifadə edirsə, sonrakı misraların, deyilənlərin real həyatda - müxtəlif xalqlar arasında Rusiyaya və rus xalqına (rusiyalılara) yönəlik doğruduğu aqressiv təəssüratın dolyı və xeyli neqativ nəticələrini mümkün qədər «yumşaltmaq» məqsədi güddüyü qənaətinə gəlməmək olmur. Başqa sözlə, sanki şair ilk misranın absurd və rüsvayçı məna tutumunu mümkün qədər gizlətmək məqsədilə, sonrakı misraları düşünüb yazıb...
Rusiyada yaşamış, rusların məişəti-mentaliteti ilə az-çox tanış olan hər kəs bilir ki, gerçəkdən də Rusiyanı və rusiyalıları «ağılla dərk etmək» olmur. Yaxud da «rus»un mahiyyətinə varmaq üçün, gərək mütləq ağlını itirənədək «samoqon» içib, fani dünyaya arxa çevirəsən - yəni ki, sən də dönüb, bir «ivan» olasan. Fəqət, bunun da heç bir faydası olmayacaq. Nədən ki, bir «alkaş»ı anlamaq üçün birisi də «alkaş» olacaq və bununla da ağılla dərk oluna bilməyən «alkaş»ların sayı daha bir vahid artacaq...
Hər zaman belə olub, indi də belədir - böyük ehtimalla, gələcəkdə də belə olacaq - rusiyanı ağılla dərk etmək mümkün olmayacaq. Gərək onu ağılın hər-hansı nisbətdə işitrakı olmadan anlamağa cəhdlər göstərəsən. Bu da ki, məntiqdən kənar bir nəsnənin arzulanmasıdır, vəssalam. Qənaətimi konkret misaala əsaslandırmağa çalışacam.
Məlumdur ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq olunmasından dərhal sonra, bu təcavüzə etiraz əlamtəti olaraq, ABŞ başda olmaqla, bir sıra Qərb dövlətləri Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyalar tətbiq edib. Buna cavab olaraq, Tütçevin «ağılla dərk oluna bilməyən» Rusiyası da həmin sanksiyalara qarşı kontrsanksiya tətbiq edib.
Əvvəlcə, qeyd etmək yerinə düşər ki, Rusiyanın bu cavabı xeyli yersiz və məntiqsiz görünür. Nədən ki, sankisiyalar tətbiq edən Qərb dövlətləri bu tədbirin birbaşa və dolayı nəticələrini əvvəlcədən hesablayıb, neqativ təsirləri aradan qaldırmaq istiqamətində real təbdirlər görsə də, Rusiya buna nə hazır deyldi, nə də heç bu barədə düşünməyi ağlına belə, gətirməyib.
Bəs, məqsəd? Heç nə, sadəcə bir «pokazuxa» - Borçalı camaatı demiş «Qoy desinlər, Xaçoyun xançalı var», vəssalam...
İndi Rusiya özünün tətbiq etdiyi kontrsanksiyanın bir növ, «girovu»na çevrilib. Kreml başbilənləri bu istiqamətdə nə yapırlarsa, bumeranq effekti verir - zərbəsi ölkənin zəhmətkeş zümrəsinə dəyir. Buna misal olaraq, bir neçə gün bundan əvvəl Rusiya Prezidentiinin «kontrsanksiya ərzaq məhsullarının məhv edilməsi» barədə imzaladığı fərmanı önə çəkmək olar. Fərmana görə, Rusiyanın bütün ərazisində avqustun 6-dan başlayaraq, «kontrsanksiya ərzaq məhsulları»nın məhv edilməsinə başlanmalı idi. Amma birdən sual ortaya çıxdı ki, bəs, həmin ərzaqlar harada, necə və hansı vəsait hesabına məhv ediləcək?
Fərmandan dərhal sonra, Rusiyanın bəzi ictimai təşkilatları bir petisiya təşəbbüsündə bulundular. Və hökumətə təklif etdilər ki, sözügedən ərzaq məhsullarını absurdcasına məhv etməkdənsə, uşaq evlərinə, qocalar evlərinə, aztəminatlı ailələrə və s. paylasınlar. Petisiyanın 10 minlərlə rusiyalı tərəfindən imzalandığı barədə xəbərlər yayıldı (son məlumata görə, 125 min rusiyalı) . Fəqət, hökumət sadə insanların səsini eşitmək istəmədi və susmaqla, sanki bir daha demiş oldu: «Qoy, Qərb ölkələri görsünlər ki, Xaçoyun da xançalı var».
Amma «məhvetmənin səsi» dərhal eşidildi - KİV-in məlumatına görə, təkcə avqustun 7-də ölkə ərazisində sanksiya altına alınmış 350,0 ton ərzaq məhsulları məhv edilib! Vandalizmin, axmaqlığın bariz nümunəsi deyilmi?..
Belə bir rəvayət var. Danışılır ki, bir gün yaz vaxtı Rusiya çarı (hansı çarın olması önəmli deyi) əyan-əşrəfi ilə əyalətləri gəzib, insanların güzəranı ilə tanış olmaq məqsədilə səfərə çıxır. Yolboyu, karetada oturmuş çar insanların döşənib, yaşıl ot yediyini müşahidə edir. Adamlarından birini göndərir ki, ot yeyənlərdən soruşsun - nə üçün ot yeyirlər?
Əyalət əhli belə cavab verir: «Aclıqdır, çörək yoxdur, insanlar da ölməmək üçün ot yeyirlər». Nümayəndə qayıdıb, məsələni çara danışır.
Bəs, çar bu faciəyə hansı reaksiyanı verir? İbrətamizdir - deyir ki, çörək yoxdursa, qoy əhali bulka yesin! İndi Putnin «məhvetmə» tədbiri də mahiyyətcə, çarın «məsləhəti» kimi bir absurddur...
Bu gün KİV-in yaydığı biri məlumatda isə deyilir ki, ruslar Putinin qadağan etdiyi ərzaq məhsullarını zibillikdən yığırlar! Xəbər verilir ki, Smolenskdə yerli hakimiyyət «kontrsanksiya ərzaq məhsulları»nı fiziki məhv etməmək qərarına gəlib. Nəticədə, şəhərətrafı ərazilər əzilmiş pomidor və şaftalı ilə dolub! «Smolenskiy kuryer» yazıb ki, ətraf kəndlərin sakinləri poliqondan meyvə-tərəvəzi kisələrlə evlərinə daşıyırlar. Traktorların təkərləri altında əzilmiş meyvə-tərəvəzi sakinlər həm özləri yeyirlər, həm də uşaqlarına verilər.
Onlardın biri lap «gül vurub» - deyib: «Bu şaftalılardan əla samoqon alınır».
Bütün bunları oxuduqca, bir atalar məsəli yada düşür: «Toxun, acdan xəbəri olmaz...».
İndi isə fikirləşin - bütün bu məzhəkəni ağılla necə dərk edəsən?!
Rusiyanın «İctimai nəzarət» istehlakçıların hüquqlarının müdafiəsi Cəmiyyətinin vəkili Əlişir Zahidov bu günlərdə «Kommersant FM» radiosuna verdiyi müsahibədə yuxarıdakı absurd barədə xeyli maraqlı-ibrətamiz fikirlər səsləndirib: «Mən hesab edirəm ki, bu, çox böyük axmaqlıqdır! Boş siyasi ambisiyalar və heç bir sağlam-ağıllı mənası olmayan davranış. «Ərzaq məhsulunu məhv etmək» söz birləşməsinin özü cinayətdir, amoraldır və qeyri-etikdir. Bütün bunlar istisnasız olaraq, iqtisadi motivlərlə yox, siyasi motivlərlə edilir. Qərb ölkələrinə göstərmək istəyirlər ki, baxın, biz sizdən qorxmuruq, bizim ərzaq təhlükəsizliyimiz o qədər güclüdür ki, ixtiyari belə məhsullardan ağrısız-filansız yaxa qurtara bilərik. Söhbət gedir ki, artıq 6 milyon rubla xüsusi sobalar alınıb. Ərzaqların məhv edilməsini televizorla geniş əhaliyə göstərmək istyəirlər.
Amma mən, xatırlatmaq istəyirəm ki, bu gün Rusiyada 18-20 milyon insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Kimsəsiz uşaqlar, aztəminatlı alələr, əhalinin sosial müdafiəsi... Yaradın də, bu məhsulların paylanmasının humanitar axınlarını! Bunun kimə ziyanı olacaqmış ki?..»
Təxminən, 149 il bundan əvvəl Tütçev yazmışdı? «В Россию можно только верить». İndi vəziyyət kökündən dəyişib, xeyli qəlizləşib. İndi Rusiyaya heç vəchlə, İNANMAQ OLMAZ!

Şərhlər