Fransada II liqada oynayan və ağır maliyyə böhranı içində olan “Lans” klubunu alandan sonra bu ölkədə az qala Napoleon Bonapart qədər məşhurlaşan azərbaycanlı milyarder Hafiz Məmmədov (“Hafka”) müflis olmaq təhlükəsi qarşısında olan daha bir idman təsisatına maraq göstərir.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə məlumat Fransanın şimal əyalətində nəşr olunan “La Voix du Nord” adlı qəzetdə yer alır.

Xəbərdə bildirilir ki, H.Məmmədov Anzin Sant-Aubin şəhərində yerləşən d’Arras adlı (Arras Golf Resort) qolf kompleksini (aşağıda həmin kompleksin fotosu təqdim olunur-red.)almaq istəyir. Məsələ ondadır ki, kiçik otel və restorana da malik bu qolf kompleksi son vaxtlar ziyanla işləyir. Ötən il müəssisə 400 min avro ziyana düşüb.

Qolf kompleksinin sahibi Didye Linyedir. O, “Lans” klubunun prezidenti və “Hafka”nın yeni fransalı ortağı Jerve Martelin yaxın dostudur. Didye Linye qolf kompleksini 2012-ci ildə 3 milyon avroya alıb. O deyir ki, kompleksin maliyyə vəziyyəti doğrudan da ürəkaçan deyil. Ötən il kompleksdə təmir işləri aparmaq lazım gəlib və buna da əlavə vəsait gedib.

Xəbərlərə görə, Didye Linye qolf kompleksinin ziyanla işləməsinə görə onu satmaq barədə düşünür. Müştəri isə uzaqda deyil. D.Linyenin dostunun yeni ortağı, “Lans” klubuna 20 milyon dollar yatırıb onu böhrandan xilas edən H.Məmmədovdur. Bildirilir ki, qolf kompleksi “Arras Golf Resort”u almağı “Hafka”ya elə Jerve Martel məsləhət görüb.

Qəzet qeyd edir ki, məsələyə dair H.Məmmədovun rəsmi mövqeyini almağa çalışacaq.

Xatırladaq ki, H.Məmmədov “Lans” klubuna köçürməli olduğu vəsaiti gecikdirdiyi üçün klubun transferlərə qatılmasına qadağa qoyulmuşdu. Daha sonra azərbaycanlı oliqarx 7 milyon dolları fevral ayında köçürəcəyinə dair yazılı təminat verdiyi üçün bu qadağa götürülüb.

Bununla belə Fransa mediası yazır ki, bu ölkənin maliyyə kəşfiyyatı “Hafka”nın pullarının mənbəyini araşdırır və oliqarx bu araşdırmadan ehtiyat edərək “Lans”a pul köçürməkdən çəkinir. Bu baxımdan H.Məmmədovun “Lans”dan sonra Fransada qolf kompleksi də almağa risk edəcəyi hələlik müəyyən deyil.