Leyla və Arif Yunusların məhkəmə prosesinin bugünkü iclası da əvvəlki proseslərdə olduğu kimi, yenə qalmaqalla başlayıb. Bu dəfə də məhkəməyə gələnlər zala buraxılmayıb.
Musavat.com-un müxbiri hadisə yerindən məlumat verir ki, məhkəmə nəzarətçiləri yalnız bəzi diplomatik nümayəndəliklərin - Almaniya, İngiltərə və ABŞ səfirliyinin təmsilçilərinin məhkəmə zalına buraxılmasına şərait yaradıblar. Onlar hətta Hollandiya və Fransa səfirliyindən gələnlərə, eləcə də yerli ictimaiyyətin nümayəndəlirinə məhkəmə salonuna daxil olmağa icazə verməyiblər.
Bu səbəbdən zalın qarşısında iştirakçılarla məhkəmə əməkdaşları arasında qarşıdurma yaranıb. Əməkdaşlar açıq şəkildə zala heç kəsin buraxılmaması üçün onlara tapşırıq verildiyini bildiriblər.
Trend-in məlumatına görə, məhkəmə prosesi açıq elan olunandan sonra L.Yunus məhkəmə prosesinə gətirilən hər 2 - rus-azərbaycan dili tərcüməçilərinə etiraz edib.Tərcüməçilərə etiraz edən L.Yunus məhkəmə qarşısında onların dəyişdirilməsini istədiyini söyləyib. O, mövqeyini tərcüməçilərin rus dilini mükəmməl bilmədikləri ilə izah edib.
Məhkəmə heyətinin qərarı ilə etiraz qəbul olunub.
Hakim Ə.Hacıyev bildirib ki, məhkəmə prosesində avqust ayının 13-ə kimi fasilə elan olunur.
Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Beynəlxalq hüquq təşkilatları Leyla və Arif Yunusları siyasi məhbus hesab edir.



Şərhlər