"Vəziyyət ciddidirsə, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi niyə Brüsseldədir?"

"Elmar Məmmədyarovla Edvard Nalbandyan görüşür, həmin görüşdə bir müzakirə mövzusu olsun deyə belə bir ajiotaj yaradırlar"

"Heç bir narahatçılığa əsas yoxdur. Müharibə də başlayası deyil. Nə Azərbaycanda, nə də Ermənistanda müharibə əhvalı yoxdur. Cəbhə bölgəsində də təxribatlar ermənilərin havadarları tərəfindən müvəqqəti xarakter daşıyır. Onlar həm informasiya məkanında, həm də reallıqda Azərbaycan ətrafında çox pis imic formalaşdırırlar." Bu fikirləri etatist.com-a cəbhədəki hadisələrlə bağlı açıqlama verən hərbi-ekspert Üzeyir Cəfərov deyib: "Fikir verin, yanvarın 19-dan 20-nə keçən gecə - Azərbaycanın hüzn, matəm yaşadığı bir gündə, bunlar Azərbaycan hərbçilərinin işğal olunmuş ərazilərə keçməsi barədə təxribat xarakterli məlumat yaydı. Dərhal da amerikalı həmsədr cənab Ceyms Uorlik buna reaksiya verdi. Halbuki, dəfələrlə olub ki, Azərbaycan vətəndaşları, Azərbaycan əsgərləri, mülki şəxslər düşmən gülləsindən dünyasını dəyişib. Sadəcə olaraq ajiotaj yaradırlar. İndi dünyaya məlumat yayıblar ki, Ermənistanda 3 kənd boşaldılıb. Adama sual eləyərlər, Azərbaycan əsgəri Ermənistanın ərazisinə keçib ki, onlar o kəndi boşaldırlar. Bizim hörmətli yeni nazirimiz də medal paylamaqla məşğuldur. Əsgər dünyasını dəyişir, medal paylayır, zabit dünyasını dəyişir, medal paylayır. Medal pis deyil, amma, bir araşdırın görün, bəlkə buna medal yox, orden düşür? Bəlkə buna Milli Qəhrəman adı düşür?".

Ü.Cəfərov, Müdafiə Nazirliyinin rəhbərliyinin özünü itirdiyini deyib:"Kapitan rütbəli zabit, Elnur Cəfərov atəşkəsin pozulması nəticəsində dünyasını dəyişib. Dərhal müdafiə naziri medal verir: "döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə medalla təltif edilsin". Mən sual edirəm müdafiə nazirinə, döyüş postunda nə şəxsi şücaət göstərib? O şücaət nədən ibarətdir? Düşmən üzərinə hücuma keçib? Hücuma keçibsə niyə yanında əsgərlər yox idi? Saat 13:45-də atəşkəsin pozulması ilə düşmən snayperinin açdığı atəş nəticəsində zabitimiz dünyasını dəyişib. Eyni zamanda bizim nazirliyimiz deyir ki, şəxsi şücaət göstərib. Bu nə cümlədir? Snayper 1 km məsafədən hədəfə alıb, görüb ki, zabit özünü qorumur, onu vurub. Şəxsi şücaət nədən ibarətdir? Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi tamam özünü itirib. Saat 2-də hadisə olub, saat 4-də nazir əmr imzalayır ki, Elnur Cəfərov şəxsi şücaət göstərdiyinə görə medalla təltif olunsun. Hələ bir araşdırın, görün bunun şücaəti nədir, sonra medal verin. Sonra şəhid olan əsgərə də medal verir. Bəlkə Zakir Həsənov fikirləşir ki, medal verməklə vəziyyətdən çıxış yolu var? Müdafiə Nazirliyi bu gün işləyə bilmir cəmiyyətlə. Ermənilər məlumat yayıb bizi gözdən salandan sonra, bizim nazirlik məlumat yayır. Lap fikirləşək ki, vəziyyət ciddidir. Ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi niyə Brüsseldədir? Əgər doğurdan da vəziyyət gərgindirsə çox vacibdir onun Brüsselə getməyi? Bu sualın özü hər şeyə cavabdır. Bu gərginlik də süni yaradılıb.

Hərbi ekspert prezident İlham Əliyevə də müraciət edəcəklərini dedi: "Prezident Davosdan qayıdandan sonra ona kəskin şəkildə müraciət ünvanlayacağıq ki, Müdafiə Nazirliyi çox yalnış yoldadır".

Üzeyir Cəfərovun fikrincə , Elmar Məmmədyarovla Edvard Nalbandyan görüşür, həmin görüşdə bir müzakirə mövzusu olsun deyə belə bir ajiotaj yaradırlar: "Ondan başqa da fevral ayında iki prezidentin görüşünü təşkil edəcəklər ATƏT-in Minsk qrupunun bivec həmsədrləri".

Sonra Üzeyir Cəfərov ermənilərin yaydığı məlumatlara mülki şəxslərin inana biləcəyini, lakin döyüş yolu keçmiş zabitlərin inanmayacağını dedi: "Ermənilər məlumat yayırlar ki, Azərbaycandan iki nəfər ölüb, bir neçə nəfər də yaralı döyüş meydanında qalıb. Hardadır, ölən və yaralanan əsgərlər? Ermənilər heç olmasa onu göstərsinlər. Məlumatı verəndə də elə inandırıcı məıumat versinlər ki, həqiqətə uyğun olsun".