Əgər 2012 - 2014-cü illərdə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları Azərbaycanın 1 illik mal və xidmətlər idxalını maliyyələşdirməyə kifayət edirdisə, hazırda bankın ehtiyatları yalnız 5,4 aylıq mal və xidmətlər idxalını maliyyələşdirməyə kifayət edir. Bu da Mərkəzi Bankın valyuta ehtiyatları üzrə gücünün 2 dəfədən çox azaldığına işarə edir.
“Marja” xəbər verir ki, Mərkəzi Bankın 2015-ci ilin yanvar-iyun aylarna olan “Pul siyasəti İcmalı”nda deyilir ki, hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının kifayətlilik göstəriciləri beynəlxalq səviyyədə qəbul olunmuş normaları əhəmiyyətli üstələyir. Belə ki, I yarımilliyin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatları 5.4 aylıq mal və xidmət idxalına (beynəlxalq normaya görə minimum 3 ay) kifayət etmiş və xarici dövlət borcunu 1.2 dəfə üstələmiş, manatla geniş pul kütləsinin (M2) isə 81.3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olmuşdur.
HƏLƏ DƏ CƏNUBİ QAFQAZDA LİDERİK
İcmalda qeyd olunur ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları Cənubi Qafqaz regionu üzrə mərkəzi bankların valyuta ehtiyatlarının 68%-ni təşkil edir.
EHTİYATLARININ 6,7 MİLYARD DOLLARI “BUXARLANIB”
31 İyul 2015-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 8 milyard 501.5 milyon dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin İyul ayında 15 milyard 193.4 milyon dollara qədər artmışdı. Son 1 ildə ehtiyatlar 6 milyard 691,9 milyon dollar və ya 44% azalıb.


Şərhlər