Menu

Neft Fondunun milyonları “buxarlandı”

13.08.2015, 09:50
Neft Fondunun milyonları “buxarlandı”

Son 3 gündə Azərbaycanın Dövlət Neft Fondu Çinin həyata keçirdiyi devalvasiya nəticəsində nisbi olaraq 21,5 milyon dollar itirib. Fond Çində istiqrazlara 3 milyard yuan yatırmaq üçün icazə aldığını açıqlamışdı.

“Marja”nın məlumatına görə, Çin Mərkəzi Bankı son 3 gündə yuanı dollar qarşısında cəmi 4.58 faiz ucuzlaşdırıb. Avqustun 11-də 1.86%-lik, dünən 1.62%-lik, bu gün isə 1,1%-lik devalvasiya həyata keçirilib. Çin məzənnəni, rəsmi olaraq müəyyən etdiyi bir orta nöqtədən idarə edir və yuan bu orta nöqtədən gündə 2 faiz yuxarı və ya aşağı gedə bilir. Çin Mərkəzi Bankı (PBOC) son 3 gündə orta nöqtəni 6.1162-dən 6.401-ə (1 dollar = 6.401 yuan ) qaldırıb.

Yuanın son 3 gündə 4,58 faiz "öldürülməsi" Neft Fondunun 3 milyard yuanının 137,4 milyon yuanının "buxarlanması" deməkdir. Bu dollar ilə ifadədə (1 yuan = 0.1562 dollar) 21,5 milyon dollar deməkdir.

1 İYULDAN BAŞLAYIB

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlamışdır. "Bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınmış və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanmışdır. Cari ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılmışdır",- Fondun press-relizində deyilir.

ARDNF-in press-relizində “1 iyul tarixindən Çin yuanında ilk investisiyalara başlanıldığını” bəyan edib. Lakin 3 milyard dollarlıq icazə çərçivəsində nə qədər investisiya yatırıldığı dəqiq bilinmir. Mətbuat bu vəsaitin hamısının investisiya edildiyini yazıb.

BUNUNLA BİTMİR

Qeyd edək ki, ölkədə iqtisadi vəziyyəti pisləşməsi narahatlıqları ilə Çin şirkətlərinin səhmləri ucuzlaşır və istiqrazların gəlirliliyi aşağı düşür. ARDNF istiqrazlara sərmayə yatırdığından, bu baxımdan da Fondun itkiləri ola bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol