«Röyter» Agentliyinin yaydığı məlumata görə, Əfqanıstanda «əl-Qaidə» təşkilatının lideri Ayman əz-Zəvahiri «Taliban»ın yeni lideri Akhtar Mohəmməd Mansura sədaqət andı içib.
Analitiklər qeyd edirlər ki, «Taliban» radikal hərəkatı Əfqanıstanda «İslam dövləti» terrorçu qruplaşması ilə döyüşür. Amma bir müddət bundan əvvəl Yəmən hadisələri başlayarkən Səudiyyə Krallığında «əl-Qaidə» və «İslam dövləti» qruplarının birləşdiyi barədə məlumat yayılmışdı.
Ötən illər ərzində Ayman əz-Zəvahiri barədə xeyli maraqlı məlumatlar yayılıb. Mənbə xəbər verir ki, 1 dekabr 1996-cı ildə əz-Zəvahiri, Əhməd Salam Məbrük və Mahmud Nişam əl-Hennəvi ilə birlikdə saxta pasportla Çeçenistana gəlib. Burada əz-Zəvahiri özünü Abdullah İmam Mohamməd Əmin adı ilə həkim kimi təqdim edib.
Rusiya ərazisinə daxil olarkən, «qonaqlar» həbs olunub və 5 ay məhbəsdə qalıblar. «Misir İslam Cihadı» təşkilatının digər üzvləri onların köməyinə gəlib və azad olunmaları istiqamətində fəaliyyətə başlayıb. Mənbənin məlumatına görə, o zaman parlament üzvü Nadir Xaçilayev tutuqluların müdafiəsinə qalxıb. Nəhayət, 1997-ci ilin aprelində məhbuslar 6 ay müddətində azadlıqdan məhrum edilib, bir aydan sonra isə azadlığa buraxılıblar.
Məşhur DTK-çı Aleksandr Litvinenkonun məlumatına görə, həmin dövrdə Rusiyada olmuş əz-Zəvahiri Rusiya dövlət təhlükəsizlik əməkdaşlarının rəhbərliyi altında Dağıstan ərazisində 6 aylıq təlim keçib.
Məlumdur ki, Üsamə bin-Ladenin ölümündən sonra əz-Zəvahiri «əl-Qaidə» təşkilatının lideri seçilib. 3 oktyabr 2002-ci ildə «Afghan Islamic Press» agentliyi əz-Zəvahirinin Amerikalı hərbçilərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürüldüyü barədə məlumat yayıb.
28 iyun 2003-cü ildə isə «Əl-Ərəbiyyə» telekanalı xəbər verib ki, İranın təhlükəsizlik qüvvələri ölkə ərazisində əz-Zəvahirini həbs edib.
18 mart 2004-cü ildə Pakistan mənbələri xəbər verib ki, Vəziristanda (Pakistan) həyata keçirilən əməliyyat nəticəsində əz-Zəvahiri öldürülüb (və ya əsir götürülüb).
Ayman əz-Zəvahiri 19 iyun 1951-ci ildə Misirdə - hörmətli alim və həkimlərin ailəsində doğulub.
Məlum olduğu kimi, Rusiya Əfqanıstanda qarşı duran tərəflərdən ən güclüsü sayılan və möhkəm sosial dayağa malik olan «Taliban»ı dəstəkləyir. Mənbələrin məlumatına görə, hətta Rusiya hökuməti «Taliban»ı gizli şəkildə maliyyələşdirir. Aydındır ki, bunda Rusiyanın özəl maraqları var (bu, ayrıca məqalənin mövzusudur).
Ayman əz-Zəvahirinin «Taliban» liderinə biət etməsi isə xeyli maraqlı mətləblərdən xəbər verir. Məsələn, vaxtilə «Taliban» kimi regional qruplaşmalarla müqayisədə qat-qat qüdrətli və qlobal şəbəkəyə malik olan «əd-Qaidə» (onun 1 nömrəli şəxsi) necə oldu ki, birdən-birə «Taliban»a sədaqət andı içdi?! Görünür, burada ən azı, iki amil həlledici rol oynayıb. Birincisi, bin-Ladenin ölümündən sonrakı dövrdə «əd-Qaidə»nin maliyyə mənbələrinin tükənməsi əhəmiyyətli çətinliklərə gətirib çıxarıb. İkincisi isə, «Rusiya izi»dir və ona işarə sayıla bilər ki, mərhum çekist Litvinenko yanılmayıb!
Digər maraqlı bir məqama diqqət yetirək. Bir neçə dəfə öldürüldüyü, bir neçə dəfə həbs oldunduğu barədə məlumatlar yayılmış əz-Zəvahiri adlı şəxslə «Taliban»a sədaqət andı içmiş əz-Zəvahirinin eyni ünvan olub-olmaması məsələsi də müəyyən şübhələrə yol açır...
Hər necədirsə, Əfqanıstanda «əl-Qaidə» ilə «Taliban»ın birləşməsi Rusiyanın bölgədə yeritdiyi siyasətin tələblərinə cavab verir.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər