Menu

Yeni bahalaşma dalğası gəlir

15.08.2015, 09:28
Yeni bahalaşma dalğası gəlir

İqtisadçı-ekspert: “Avqustun ikinci yarısında ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində artım proqnozlaşdırılır”

Ərzaq məhsullarının qiymətində olan bahalaşma dalğası yenə də özünü göstərir. Bir müddət bahalaşmanın dayandığını deyən alıcılar son günlərdə yenə də bahalaşma olduğundan şikayətlənirlər. Biz şikayətlərə əsaslanaraq hansı ərzaq məhsullarında bahalaşma olduğunu öyrənmək üçün bir neçə marketə baş çəkdik.

Müşahidələrimiz şikayətlərin əsassız olmadığını göstərdi. Xüsusən də “Azərsun”un istehsalı olan ərzaq məhsullarının qiymətində 10-30 qəpik civarında artım var idi. Belə ki, əvvəllər 1 manata satılan çaylar 1 manat 10 qəpiyə, 90 qəpiyə satılan çaylar 1 manata satılırdı. Yuyucu vasitələrində də 20-30 qəpik artım vardı. Əvvəl 90 qəpiyə satılan “Səba” qatıqları isə indi 1 manat 20 qəpiyə satılır. Həmçinin kolbasa və sosiskaların, toyuqlarında qiymətində artım müşahidə etdik. Satıcılardan ərzaq məhsullarını niyə baha qiymətə satdıqlarını soruşduqda onlar qiymətlərin topdansatış mərkəzlərində bahalaşdığını dedilər: “Bütün ərzaqların qiyməti bahalaşıb. Hələ yenə də bahalaşacağını deyirlər. Böyük bahalaşma dalğası gəlir”.

“Neftçilər” metrosu yaxınlığında fəaliyyət göstərən ərzaq mağazasının satıcısı Ramin Əliyev bahalaşmada onların bir günahının olmadığını bildirdi: “Yenə camaat elə biləcək ki, qiymətləri özümüz kefimizə görə bahalaşdırmışıq. Amma bizlik bir durum yoxdur. Baha alırıq ki, baha da satırıq. O gün mağazaya bir yaşlı qadın gəlib deyir ki, mən qatığı həmişə bir manata almışam, indi də bir manat verəcəyəm. Başa sala bilmədim ki, bahalaşmanı mən etməmişəm. Biz dükan sahiblərini söyüb qarğayırlar. Axı bizim nə günahımız var? İflas dərəcəsinə çatmışam. Nisyə mal vururam. O da bilmək olmur ki, səhər açılanda qiymətlər necə olacaq. Belə etiraz etmək istəyirsinizsə, bahalaşmaya səbəb olanların üstünə gedin və sözünüzü deyin”.

Alıcı Nuranə Səlimova da bahalaşmadan narazı idi: “Hansı ərzaqların qiymətini

bahalaşdıracaqlarını yaxşı bilirlər. Bilirlər ki, həmin ərzaqlar olmadan keçinmək mümkün deyil. Yağ, çay, yuyucu tozu bunlarsız keçinmək olmaz axı! Bir ara qiymətlərdə sabitlik idi. Biz kasıb camaatda sevinmişdik ki, nə yaxşı qiymətlər bahalaşmır. Ancaq sevincimiz yarım qaldı. Ucuzlaşdırmırsınız səsimiz çıxmır, heç olmasa bahalaşdırmayın”.

Vuqar_Bayramov 0021-0019Yeni gələn bahalaşma dalğasının səbəblərinə gəlincə isə iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bahalaşmanın avqust ayı ərzində davam edəcəyini dedi: “İstər "Azərsun", istərsə də digər iri şirkətlərin istehsal etdikləri məhsulların xammalının əksər hissəsi xaricdə idxal olunur. Manatın xarici valyutaya nisbətən məzənnəsinin azalması praktiki olaraq xaricdən ölkəmizə idxal edilən vəsaitlərin manatla qiymətinin yüksəlməsinə gətirib çıxarıb. Devalvasiyadan sonra yerli şirkətlər bir müddət əvvəlki xammaldan istifadə etməklə müəyyən qədər mənfəət normasını azaltmaqla qiyməti stabil saxlaya bildilər və qiymətlərin stabilliyi devalvasiyadan sonra müşahidə edilməyə başladı. Amma yerli şirkətlərin məhsullarının xammalı xaricdən idxal edildiyi üçün qiymət stabilliyinin uzun müddət saxlanılması çətin idi. Dünya bazarında da xammalın qiymətinin bahalaşması da ərzaq məhsullarının qiymətinə təsir etdi. Bu baxımdan qiymət artımlarına səbəb yerli istehsal olan məhsulların strukturunda xaricdən gətirilən xammalın payının yüksək olması və manat fəaliyyətində onların qiymətlərinin və xərclərinin yüksəlməsi ilə bağlıdır. Digər bir səbəb isə son zamanlar dünya bazarında dolların, xüsusən də iyul ayında məzənnəsinin möhkəmlənməsi səbəbindən müşahidə edilən qiymət artımları ilə bağlıdır ki, buda təbii ki, təsir edir. Amma bütün hallarda yerli şirkətlər çalışmalıdır ki, kəskin qiymət artımlarına getməsinlər. Çünki əgər devalvasiyadan sonra qiymət artımına getməyiblərsə, manatın məzənnəsinin dəyişmədiyi və devalvasiyadan sonra stabil qaldığı dövrdə qiymətlərin artırılması iqtisadi baxımdan izah edilə bilməz. Təbii ki, dünya bazarındakı qiymət artımlarına və ya azalmalarına uyğun olaraq ölkə daxilində qiymətlərin dəyişməsi mümkündür. Bütün hallarda yerli şirkətlərin qiymətləri artırması əhalinin xərclərini artırır. Əhalinin xərclərinin artması da onların sosial təminatı baxımından arzu olunan deyil. Eyni zamanda, bu birmənalı şəkildə inflyasiya yaradır".

Ekspert avqustun ikinci yarısında da bahalaşmanın davam edəcəyini bildirdi: “Bu tendensiyanı müşahidə edəndə bəlli olur ki, əslində ərzaq məhsullarının qiymətində olan artımlar güman olunur ki, avqustun ikinci yarısında da davam edəcək. Eyni zamanda. artıq mövsüm başa çatmaq üzrə olduğu üçün kənd təsərrüfatı məhsullarının qiymətlərində də müəyyən artımlar gözlənilir. Avqustun ikinci yarısında ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində yenə də artım proqnozlaşdırılır”. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol