“Azadlıq” ÜmumUkrayna Birliyinin lideri Oleq Tyaqnibok Müstəqillik Meydanında toplaşan nümayişçilərə Viktor Yanukoviçlə apardıqları danışıqlar barəsində məlumat verib. Tyaqnibok deyib ki, Yanukoviç söz verir ki, nümayişçilər Qruşevskiy küçəsinin blokadasını qaldıracaqları təqdirdə hökumət həbs olunanları azadlığa buraxacaq. Meydandakılar bu təklifı rədd ediblər.
Tyaqnibok meydandakıların fikri ilə razı olsa da, onlara bildirib: ”Biz sizinlə irəliyə doğru mübarizəyə gedirik, ancaq bir şərtlə ki, vahid orduda olduğu kimi əmr və göstərişlər bir mərkəzdən verilsin və nizam-intizamla yerinə yetirilsin. Siz bu cür mübarizəyə hazırsınızmı?”
Sonra isə “Batkevşina” fraksiyasının rəhbəri Arseniy Yasenyuk meydanın Qruşevskiy küçəsinə qədər “genişlənəcəyini” bəyan edərək, hamını nizam-intizama dəvət edib. O deyib: “Bizim arxamızda insanların və ölkənin taleyi durur. Meydandakılar ancaq dinc etiraz aksiyası keçirir və bir addım da geriyə çəkilmək olmaz.”
Ukraynanın “Bukinfo” agentliyinin məlumatına görə isə, bir neçə min nümayişçi Çernovitskiy vilayətinin icra strukturunun mərkəzi binasına hücum edərək, onu ələ keçiriblər. Onlar vilayət qubernatorunun istefasını tələb ediblər və bəyan ediblər ki, bina bundan sonra artıq xalqa məxsusdur. Ancaq qubernator Mixail Papiyevin harada olması məlum deyil. Çernovitskiy vilayəti müxalifətin güclü olduğu Qərbi Ukraynada yerləşir. Bundan əvvəl də ölkənin qərbindəki bir neçə vilayətin inzibati binaları müxalifətçilərin əlinə keçib.


Şərhlər