Rusiyanın Hərbi Dəniz Donanmasının gəmilərinin 4 günlük Bakı səfəri başa çatıb. Paytaxtımızda olduqları müddətdə, bu hərbi gəmilərin heyəti, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşlər keçirib və Ali Hərbi Dənizçilik məktəbində tədris prosesilə tanış olublar. ANS TV-nin məlumatına görə, 13 avqust tarixində paytaxtın dəniz limanına yan alan kiçik artilleriya və hidroqrafiya gəmisinin yola salınması təntənəli şəkildə baş tutdu.
Yola salma mərasiminə Rusiyanın Azərbaycandakı səfiri Vladimr Doroxin və Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov da qatıldı.
Kiçik artilleriya gəmilərinin kapitanı yola düşmək üçün şəxsi heyətin və texnikanın tam hazır olması ilə bağlı məlumatı səfirə çatdırdıqdan sonra hər iki ölkənin himni səsləndirildi.
Daha sonra kiçik artilleriya gəmiləri Mahaçqala, Volqodonsk və hidroqrafiya gəmisi “Anatoli Qujvinin” sahildən ayrılma mərhələsi başlandı.
Təntənəli yola salma mərasimi başa çatdıqdan sonra ANS-ə müsahibə verən Rusiyanın Azərbaycandakı səfiri Vladimr Doroxin Azərbaycan və Rusiya arasında mövcud olan hərbi tərəfdaşlıqdan danışdı: “Mən artıq 6 ildir ki, burada səfir işləyirəm. Bu müddət ərzində artıq 4-cü dəfədir ki, Rusiya gəmiləri Bakı limanına, Azərbaycan gəmiləri isə Həştərxana və Mahaçqala limanına daxil olur. Hesab edirəm ki, bu son illərdə əməkdaşlığımızın çox vacib bir detalıdır. Rusiya və Azərbaycan tərəfdaşlığı çoxşaxəlidir. Burada siyasət də, iqtisadiyyat da, humanitar məsələr də, rus dili və Azərbayca dili ilə bağlı məsələlər də var. Mən çox şadam ki, əməkdaşlığımız hərbi dənizçilik sahəsində də inkişaf edir. Burada həm Azərbaycan, həm Rusiyanın maraqları var. Dənizçilərin öz aralarında tərəfdaşlığı çox vacibdir”, - deyə Rusiyanın Azəraycandakı səfiri Vladimr Doroxin bildirib.
Elə bu tərəfdaşlığın inkişafının nəticəsidir ki, bu gün Rusiyaya məxsus hərbi gəmilər Bakıdan uzaqlaşdığı bir vaxtda Azərbaycanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərdə əks tərəfdən paytaxta doğru yol alıblar.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı Şahin Məmmədov bildirdi ki, bu gün “Xəzər dənizi-2015” hərbi təlimlərdə iştirak etmiş Azərbaycan məxsusu iki gəmi Rusiya Federasiyasının Mahaçqala limanından Bakıya döğru istiqamət götürüb:"Yolda bizim gəmilər Rusiya Federasiyasının gəmiləriylə görüşəcəklər. Qeyd edim ki, təlim zamanı Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti dəniz hədəflərinin məhv edilməsi qabiliyyətinə görə III yerə, dəniz hazırlığı üzrə isə II yeri tutublar. Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələrinin ali baş komandanı, admiral Viktor Çirkov tərəfindən dalğıc kompleksiylə təltif olunublar”.
Yaxın vaxtlarda Rusiya gəmilərinində iştirakı ilə Xəzər dənizində növbəti hərbi təlimlərin keçirilməsi gözlənilir.
Xəbərçinin saat 21 buraxılışında isə Mir Şahin Ağayevin, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədovla eksklüziv müsahibəsini izləyə bilərsiniz.


Şərhlər