Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobilin gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu əhalinin avtomobil almadığına, rəsmi distiribyutor və dilerlərin də müvafiq olaraq avtomobil satşlarının dəfələrlə azaldığına işarə edir.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin Yanvar- İyul aylarında (7 ayda) Azərbaycana xaricdən cəmi 19 min 476 ədəd avtomobil idxal olunub. Bu say, ötən ilin eyni dövrü ilə müqayisədə 18 min 862 ədəd və ya 54,5% azdır. 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə (58 min 258 ədəd) isə, azalma, 38 min 782 ədəd və ya 66,6%-dir.
2015-ci ilin Yanvar-İyul ayları ərzində 660 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 17 min 345 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1275 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 196 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.
AYBAAY AZALIR
2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında 3421 ədəd, Martda 2524 ədəd, Apreldə 2855 ədəd, Mayda 2605 ədəd, İyunda 2145 ədəd, İyulda isə 1836 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.
İYULDA CƏMİ 1600 ƏDƏD MİNİK AVTOMOBİLİ GƏTİRİLİB
Minik avtomobillərinin idxalında vəziyyət daha pisdir, bu avtomobil biznesində tənəzzülün dərinləşdiyinə işarə edir. Belə ki, 2015-ci ilin Yanvar-İyul aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 17 min 273 ədəd və ya 49,9% azalaraq 17 min 345 ədədə düşüb.
2015-ci ilin Yanvar ayında 3870 ədəd, Fevral ayında 3161 ədəd, Mart ayında 2225 ədəd, Apreldə 2484 ədəd, Mayda 2172 ədəd, İyunda 1833 ədəd, İyul ayında isə cəmi 1600 ədəd minik avtomobili idxal olunub.
YÜK AVTOMOBİLİ İDXALI DƏFƏLƏRLƏ AZALIB
Keçən ilin 7 ayı ilə müqayisədə yük avtomobillərin idxalı 2,6 dəfə azalıb. Əgər 2014-cü ilin Yanvar – İyul aylarında 3263 ədəd yük avtomobili idxal olunmuşdusa, bu ilin 7 ayında cəmi 1275 ədəd yük avtomobili idxal olunub.
2014-cü ilin 7 ayında Azərbaycana 259 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunduğa halda, cari ilin eyni dövründə idxal cəmi 196 ədəd olub.
YEGANƏ ARTAN AVTOBUS İDXALIDIR
Bu ilin 7 ayı ərzində, ötən ilin eyni dövrü ilə müqayisədə avtobus idxalı 462 ədəd və ya 3,3 dəfə artaraq 660 ədəd təşkil edib. Avtobus idxalının artması “BakuBus”ın avtobuslar alması ilə bağlıdır.
NƏ ÜÇÜN AZALIR?
Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi və aksiz vergisinin dərəcələrinin artırılması ilə bağlıdır.
Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104385, 2014-cü ildə 63368 ədəd avtomobil idxal olunmuşdur. Bu il avtomobil idxalının ötən illə müqayisədə təxminən 2 dəfə azalaraq 30 min ədəd civarında olacağı gözlənilir.


Şərhlər