Xarici KİV-in məlumatına görə, ABŞ Administrasiyası və Kuba hökuməti bu ilin sonuna qədər iki ölkə arasında birbaşa və müntəzəm kommersiya aviareyslərinin bərpasını mümkün edəcək ikitərəfli sazişin bağlanması istiqamətində müvafiq iş aparır. Dünən bu barədə xəbəri «Wall Street Journal»-ın elektron versiyası yayıb (TASS).
Qəzetin məlumatına görə, bu saziş «cari ilin dekabrından başlayaraq, ABŞ və Kuba arasında müntəzəm uçuşların müəyyən olunması üçün iki ölkənin aviaşirkətlərinə imkan yaradacaq». Bundan başqa, qəzet məlumat verir ki, ABŞ Prezidenti Barak Obama da 50 ildən artıq bir müddət ərzində «amerikalıların Kubaya gedib-gəlməsinə mane olan məhdudiyyətlərin yumşaldılması istiqamətində addımlar atmaq niyyətindədir». Bu məhdudiyyətləri isə yalnız Konqres aradan qaldıra bilər.
İstənilən ABŞ vətəndaşı üçün Kubaya turist səfəri etmək qadağan olunub. İcazə yalnız qohumlarına baş çəkənlərə, təhsil almaq məqsədilə, jurnalist fəaliyyəti ilə bağlı və mədəni mübadilə çərçivəsində qrup halında səfər edənlərə verilir.
Qəzetin yazdığına görə, Obama Konqresin razılığı tələb olunmayan xüsusi fərman imzalamaq niyyətindədir. Bu fərman Kubaya gediş-gəlişin də asanlaşdırılmasını nəzərdə tutacaq və mədəni mübadilə çərçivəsində bu ölkəyə fərdi səfərlər etməyə də icazə verəcək.
Hal-hazırda ABŞ və Kuba arasında istisnasız olaraq, çarter reysləri həyata keçirilir. Həmin reyslər Nyu-Yorkdan və Florida ştatından aparılır.
AzPolitika.info


Şərhlər