Gənc fəal ona verilən həbsi repressiv aparatın addımı kimi qiymətləndirdi
Qarabağ qazisi Zaur Həsənovun intihar etməsi ilə bağlı 29 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılan gənclərdən Məcid Vahid 24 yanvarda azadlığa çıxıb. Qeyd edək ki, Məcid Vahid 29 dekabrda məhkəmə qərarı ilə 500 manat cərimə olunaraq, 30 dekabrda məhkəməyə gəlmək şərti ilə azadlığa buraxılmışdı. Məhkəməyə gəlmədiyinə görə 9 yanvarda yaşadığı evin qarşısında saxlanaraq, Səbayel Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası almışdı. Müxbirimiz gənc fəalı həbsxana önündə qarşılayıb və danışdırıb:” Məni 29 dekabrda 500 manat cərimələyərək, iltizam yazdıraraq sonrakı gün məhkəməyə gəlmək şərti ilə azad etmişdilər. Məhkəməyə getmədiyimə görə, 9 yanvarda həbs olunaraq 15 sutka inzibati həbs cəzası aldım. Həbs olunmamışdan qabaq facebookda sifarişli hökm çıxaran hakimləri hakimiyyətin “tula”sı adlandırmışdım. Hakim hökm oxuyanda hətta mənə belə müraciət etdi: ” Bizləri hakimiyyətin tulası adlandıran Məcid Vahid”... Qərara aldılar ki, cərimə yox, 15 sutka ilə qərarı əvəz etsinlər. Mən Binəqədi Təcridxanasına gəldiyim gündən oradakı gənclərə olduğu kimi, mənə də fiziki və mənəvi təzyiqlər oldu. Amma uşaqlar məndən qabaq çıxdıqlarına görə, onların da heyiflərini məndən çıxmağa qərara aldılar. Son 5 gün məni tək kamerada saxladılar”.
Gənc fəal həbsindən peşmançılıq hissi duymadığını bildirdi: ” Biz son zamanlarda bu cür hallarla tez-tez qarşılaşırıq. Bunun səbəbi gənclərin fəallığıdır. Hökumət bundan çox narahatdır. Belə repressiyalarla gəncləri susdurmaq, onların fəallığının qarşısını almaq istəyirlər. Buna nail ola bilməyəcəklər. Biz vətəndaşlar Qarabağda sağlamlığını itirən hər bir qazinin haqqını müdafiə etməliydik və etdik”.
Xatırladaq ki, 29 dekabra keçirilən etiraz aksiyasında 21 nəfər saxlanılmış, 14 nəfər haqqında müxtəlif cərimlər kəsilmiş, 7 nəfər haqqında isə inzibati həbs cəzası verilmişdir. Onlardan Samir Poladov yanvarın 13-ü, Türkel Əlisoy 14-ü, Cavid Hacıbəyli, Orxan Carçı və Tural Sadıqlı 15-i, Orxan Eyyubzadə 16-ı azadlığa çıxmışdı. Yanvarın 24-ü isə sonuncu etirazçı Məcid Vahid azadlığa çıxıb.(musavat.com)

Şərhlər