Bir neçə gün əvvəl səhhətinin pisləşməsinə görə təcridxananın tibb məntəqəsinə köçürülən Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus yenidən kameraya yerləşdirilib.
Bu barədə məlumatı musavat.com-a Leyla Yunusun vəkili Elçin Qəmbərov verib.
Vəkili Elçin Qəmbərov Leyla Yunusun səhhətində problemin olduğunu və müalicəsini davam etdirdiyini deyib: “Təcridxananın həkimləri müayinə ediblər. Səhhətinin normallaşdığını deyib, kameraya köçürüblər. Ancaq səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur. Amma müəalicəsi davam edir”.
Xatırladaq ki, Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8,5 il, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.


Şərhlər