ABŞ üçün əsas məsələ İŞİD-i məhv etmək yox, ona lazımi miqyas və format verməkdir. Axar.az xəbər verir ki, bunu keçmiş Quantanamo məhbusu, Rusiyada tanınmış din adamı Ayrat Vahidov (Salman Bulqarski) bildirib.
O reaksiya.az-a bildirib ki, İŞİD-i “Amerika layihəsi” adlandırmaq olmaz, bu, islamdaxili məhsuldur: “Lakin Yaxın Şərqin parçalanması barədə ABŞ-ın çoxdankı planı var – istər Suriyada, istərsə də İraq və Türkiyədə.
İŞİD müqəvva kimi lazımdır. Məsələ İŞİD-i tamamilə məhv etməkdə yox, az qala bütün region ölkələrinin vətəndaşlarını qorxutmaq və əl altından öz layihələrini gerçəkləşdirmək üçün İŞİD-ə “qorxunc müqəvva” formatını verməkdir”. Keçmiş məhkum Qafqazda İŞİD qorxusu olduğunu düşünmür. A.Vahidovun sözlərinə görə, ərəb monarxiyaları Suriyada mülayim müxalifətə sponsorluq edir, radikallara yox: “İŞİD vəhhabizmə əsaslanır, gənclik monarxiyanı təmiz vəhhabizmdən uzaqlaşmaqda ittiham edir, ona görə də, monarxiyalar üçün təhdid realdır. Moskva isə hazırda Əsədi xilas etməyə çalışır, İŞİD sadəcə münasib səbəbdir”.
Gənclik illərində radikal vəhhabizmə inandığını deyən A.Vahidov indi artıq fərqli düşündüyünü əlavə edib: “Mən artıq əminəm ki, vəhhabizmi xarici güclər geopolitik layihələr üçün istifadə edirlər”.


Şərhlər