Devalvasiya ilə bağlı söz-söhbətlərin səngiməsilə banklar dollar satışına tətbiq etdikləri limitləri yığışdırmağa və ya artırmağa başlayıblar.
“Marja”nın əməkdaşları bir neçə bankların filiallarında olaraq mövcud vəziyyəti araşdırıb. Kapital Bankdan bildirilib ki, ajiotaj ilə əlaqədar olaraq tətbiq edilmiş 2000 dollar limiti ləğv edilib. Hazırda dollar satışında məhdudiyyət yoxdur.
Unibank-ın filiallarında isə limit 5000 dollara qaldırılıb. Qeyd edək ki, ötən günlər bankın filialllarından yalnız 1000-2000 dollar almaq mümkün idi.
AccessBank-ın filiallarından sualımıza cavab olaraq bildirildi ki, dollar satışına qoyulmuş limit 3000 dollardan 5000 dollara qaldırılıb. Eyni zamanda, Bank of Baku-nun filialları da 5000 dollardək alışı rahatlıqla təmin edir.
Bankların filiallarından bildirdilər ki, əvvəlki günlər ilə müqayisədə dollar alanlar xeyli azalıb. Dollara ən böyük tələb ötən həftənin Şənbə və Bazar günləri olub. Devalvasiyanın bu yaxınlarda olmayacağı barədə fikirlərin çoxalması alışları azaldıb.
Dollar satışına limiti artırmaqdan belə görünür ki, banklar da yaxın vaxtlarda devalvasiya riski gözləmirlər.


Şərhlər