Ali Rada hökumətin tərkibinin dəyişdirilməsi məsələsinə baxacaq
Bu gün Ukrayna hökuməti üçün həlledici gündür. Ali Radanın saat 10.00-da keçiriləcək növbədənkənar iclasında hökumətin tərkibinin dəyişdirilməsi məsələsinə baxılacaq. “Regionlar Partiyası”nın parlament fraksiyası liderinin müavini Mixail Çeçetov bildirib ki, Ukraynanın hakim partiyası Nikolay Azarovun rəhbərlik etdiyi hökumətin istefasına səs verməyə hazırdır. Onun sözlərinə görə, Rada N.Azarov hökumətinin istefasına səs versə, baş nazir postu dərhal “Batkivşina” partiyasının lideri Arseniy Yatsenyuka veriləcək.
Ukraynanın baş naziri Nikolay Azarov da məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, Ali Rada hökumətin istefasına səs verərsə, Nazirlər Kabineti getməyə hazırdır. Onun sözlərinə görə, hökumətin istefası məsələsi parlamentin səlahiyyətindədir. Parlament kifayət qədər səs toplayacağı təqdirdə hökumət istefaya gedəcək: “Mən bundan əvvəl də demişdim ki, belə prosedur mümkündür”.
Qeyd edək ki, Ukrayna müxalifəti eyni zamanda, daxili işlər naziri Vitali Zaxarçenkonun istefasını, mitinqlərdə tutulanların buraxılmasını və Maydanın dağıdılmasında iştirak edənlərin cəzalandırılmasını tələb edir. Yanvarın 19-dan davam edən aksiyalarda mitinqçilərlə polis arasında baş verən toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Iğtişaşlar zamanı xəsarət alan asayiş keşikçilərinin sayı isə 300-dən artıqdır.
Bu arada, Ukraynanın iqtisadi durumu da ürəkaçan deyil. 2013-cü ilin dekabr ayında Ukraynanın dövlət borcu 6,31 faiz artaraq 73,078 mlrd. dollara çatıb. Bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Son bir ildə Ukraynanın dövlət borcu 13,31 faiz artıb.

Şərhlər