Bəri başdan demək istəyirəm ki, xaricdən Rusiyaya ərzaq gətirilməsinə məhdudiyyət qoyulması barədə hökumətin müraciətini və bəyanatını eşidərkən, mən tam dəqiqliklə xoşbəxt oldum. Düz sözümdür, mən və mənim bütün dostlarım artıq çoxdan yerli ərzaq məhsullarının ovuna çıxmışıq. Mən sevinirəm ki, bu, baş verdi.
Putindən tək bircə xahişim var - təslim olma və bu ilin axırına kimi dözüş gətir ki, sonradan hansısa bir «kimya»nı geri götürmək üçün xahiş etməyək. İstəyirəm ki, heç olmasa bir il daha təmiz istehlak bazarı şəraitində yaşayaq. Ona görə də mən, istisnasız olaraq, «lehinə»yəm, çünki «kimya»nın tərəfdarı deyiləm. Məni sevindirir ki, indi bizim istehsalçılar başlarını qaldıracaqlar. Onları bazara buraxmırdılar, indi isə içənlərimizin (spirtli içki içənlər nəzərdə tutulur - M.A.) sayı azalacaq, tarlalarda işləyənlərimizin sayı çoxalacaq.
Qoy, Obama Avropa İttifaqının ərzaqlarını yesin, biz isə öz natural və iylənmiş ərzaqlarımızı. Mən çox istəyirəm ki, ömrümüzün qalan hissəsini yerli ərzaqları yeməklə keçirək» - deyə, Lolita Milyavskaya «Super.ru» portalına verdiyi müsahibədə danışıb.
Razıyam. Dəstəkləyirəm.
Mən də istəyirəm ki, Lolita ömrünün qalan hissəsini yerli ərzaqları yeməklə keçirsin.
İstəyirəm ki, o, özünün bütün mikrofonlarını, mikşerlərini, rejissor pultlarını, ritm-maşınlarını, təbillərini, bas-gitaralarını, sintezatorlarını, naqillərini, «şteker»lərini və digər «nəsnə»lərini, «hibson»larını və «fender-stratokaster»lərini zibilliyə tullasın. İstəyirəm ki, o, böyük mənəviyyatlı mahnılarını lənətə gəlmiş lazerlə lənətə gəlmiş kompakt-disklərə yazdığı səsyazma studiyasını od vurub yandırsın. Öz albomları üzərindəki Fin poliqrafiyasını turşu ilə məhv etsin. Proqram təminatlarını Çaplinin buxurdanı («buxur» yandırılan qab - M.A.) ilə pis hala salsın.
İstəyirəm ki, konsertlər üçün avadanlıqlar daşıyan «manov» və «mersedes» furaları onları uçuruma tulasın, Loreal makiyajı ilə donuzları yemləsinlər. İçərisində türk lampaları olan Yapon işıqlandırıcı cihazlarını isə Stas Baretskiyə versinlər.
Mən, bütün qəlbimlə, səmimi olaraq onlarla tam razıyam.
Mən də istəyirəm ki, Lolita, Vika, Stas, Qqirori, Yelena, İosif və digər ağızla oxumaq üzrə əməkdar xadimlər - pal-paltarı təsərrüfat sabunu ilə yusunlar, «Jiquli»lərdə gəzsinlər, «Dəmiryolçular Mədəniyyət Evində» keçirilən konsertlər üçün dekorasiyalarını arabalarda daşısınlar, Yaltaya «Tu-134»-də uçsunlar, mikrofon əvəzinə beryoza budaqlarının qabığını bükərək, ona oxusunlar, yerli qaşıqların, balabanların və üçcərgəli harmonların sədası altında rəqs etsinlər. Ayaqlarında da Belarus qaloşları.
Məni o sevindirir ki, bundan sonra yerli musiqi alətləri istehsalçıları başlarını qaldıra biləcəklər. İndiyə qədər onları bazara buraxmırdılar, indi isə içənlərin sayı azalacaq, işləyənlərin sayı isə artacaq.
Mən səmimiyyətlə, coşğunluqla, bütün qəlbimlə istəyirəm ki, onlar ömürlərinin axırına kimi yerli ərzaqları istehlak etsinlər.
Onların bütün təşəbbüslərini tam şəkildə dəstəkləyirəm.
Putin, təslim olma!
Arkadiy Babçenko, jurnalist
Ruscadan çevirdi: Mirzə AĞ


Şərhlər