ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və İnsan Hüquqları üzrə Avropa komissarı Nil Mujnieks bu gün Xədicə İsmayılovanın 7,5 il azadlıqdan məhrum edilməsini qınayıb.
Onların birgə bəyanatında deyilir ki, hakimiyyət Azərbaycanda tənqidi səsləri susdurmaq üçün davam edir. “İsmayılovaya qarşı ədalətsiz məhkəmə aydın şəkildə göstərir ki, Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmağa davam edir. Mən yenidən hakimiyyəti jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırıram”, deyə Miyatoviç bildirib.
“Xədicə İsmayılova tənqidi səsləri bir-birinin ardınca susmağa vadar edən ölkədə araşdırmaçı jurnalist kimi cəsarətli işinə görə cəza çəkir. Bu, Azərbaycanda demokratiya və qanunun aliliyinə və insan hüquqlarına hörmətə zərbədir,” deyə öz növbəsində Mujnieks qeyd edib.
ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi də hökmü pisləyib, İsmayılovanın işi üzrə prosesi “məzhəkə” adlandırıb və hakimiyyəti hökmü ləğv etməyə çağırıb.
Beynəlxalq təşkilatların “Hüquqlar naminə idman” koalisiyası birgə bəyanatında Xədicə İsmayılova barəsində hökmü kəskin şəkildə pisləyib. Sənəddə jurnalist barəsində hökm “biabırçı”, ədalətli mühakimənin “ələ salınması” adlandırılır.
Koalisiya beynəlxalq ictimaiyyəti İsmayılovanın azad edilməsi üçün bütün mümkün addımları atmağa çağırır.
“Hökumətin jurnalistlərə və onların ailə üzvlərinə qarşı bu misli görünməmiş ovuna son qoymasını tələb edirik”, deyə bəyanatda qeyd edilir. Sənəddə bu yaxınlarda reportyor Rasim Əliyevin qətlə yetirildiyi, Meydan TV-nin rəhbəri Emin Millinin qohumlarının təqib edildiyi və digər faktlar xatırladılır.
Koalisiya Azərbaycan hökumətini qarşıda duran parlament seçkiləri kontekstində ölkədə insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə təcili və konkret tədbirlər görməyə çağırıb.
Həmçinin, Koalisiya beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini məsuliyyətə və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmaq üçün səyləri fəallaşdırmağa çağırır.
Bəyanatı 20-dən çox hüquq müdafiə təşkilatı, o cümlədən Article 19, Civil Rights Defenders, CPJ, Front Line Defenders, HRHF, Freedom Now, Index censorship, FIDH, International Media Support və s. imzalayıb.


Şərhlər