Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması nəticəsində döyüş növbəsində hərbi borcunu yerinə yetirərkən şəhid olmuş leytenant Səbuhi Əzizov yanvarın 28-də doğulduğu Qobustan rayonunun Təkləmirzəbaba kəndində dəfn edilib.
FaktXəbər-in məlumatına görə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Səbuhi Əzizov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik xüsusi kurs keçib. O, 2012-ci ildən cəbhə bölgəsindəki hərbi hissələrdən birində tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə gəlib.
Şəhid zabitimiz Səbuhi Rüstəm oğlu Əzizov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Heydər Piriyev şəhid zabitin vaxtilə təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisəsinin professor-müəllim, zabit və kursant heyətinin də bu ağır xəbərdən sarsıldığını, lakin leytenant S.Əzizovun şəhidlik zirvəsinə yüksəlməsindən böyük qürur duyduqlarını bəyan edib.
Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verən Heydər Piriyev zabitin ölümündən sonra layiq görüldüyü medalı onun atasına təqdim edib.
Matəm mitinqi başa çatdıqdan sonra şəhid zabitin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında torpağa tapşırılıb.
Məzarın üzərinə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qobustan Rayon İcra Hakimiyyətinin və digər təşkilatların adından əklillər, gül dəstələri qoyulub.
Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Dövlət bayrağı əbədi xatirə olaraq ailəsinə təqdim edilib.

Şərhlər