Menu

Sahilə atılmış insanlıq...

05.09.2015, 11:58
Sahilə atılmış insanlıq...

Türkiyə fotoqrafı Nilüfer Denizin çəkdiyi bu foto bütün dünyanı bir anlığa titrətdi. Vur-tut bir anlığa.Toxlar dünyası qırmızı köynəkli və mavi qısa şalvarlı 3 yaşlı Aylan Kurdinin dalğaların vurub sahilə atdığı balaca cansız bədəninə baxıb öz toxluqlarının səbəb və qiymətini bir daha gözləri önündən keçirdi.

Aralıq dənizinin sularında çoxdan qərq olmuş humanizm bu dəfə ani olaraq uşaq cəsədi şəklində sahilə çıxdı. Sahilə atılmış humanizm. O, çoxdan gözdən düşüb və gərəksizləşib.

Fotoya baxıb tərpəşən Merkelə, Ollanda, Mogeriniyə, Tuska çox da aludə olmayın. Bir dəqiqə sonra onlar yenidən biganə həyat tərzlərinə qayıdacaqlar. Şounu bitirib, demonstrativ psevdo-kədərlərini unudub. Və yenə də publikaya işləyən kəlmələri dillərindən yerə salmayacaqlar: “Ümumbşəri dəyərlər”, “sosial həmrəylik” və s. və i.a.

Cəlladlar qurbanlığın balaca ölüsündən yeni kapitallarını toplamaqdadır.

Halbuki bu fotoya qədər guya reallıqdan bixəbərmi idilər? 4 ildir mühasirə vəziyyətində dirəniş verən Deyr-əz-Zorda, yaxud blokadada olan Foa şəhərində hər gün neçə-neçə körpə və uşaq bombalardan parça-tikə olmurmu? 3 yaşlı Aylanın və onun 5 yaşlı qardaşı Halipin sahilə atılmış bədənləri bu sonsuz vəhşət serialında növbəti epizod deyilmi?

Həmin gün - sentybrın 2-də içində Suriyadan 30 qaçqının olduğu qayıq yaxınlıqdakı yunan adasına yetişmək üçün Türkiyənin Bodrum şəhərindən yola düşür. Sahildən cəmisi 500 metr aralananda qayığa su dolmağa başlayır. 11 qaçqın boğulub ölür, 15 nəfər xilas edilir, digərləri isə itkin düşür. Bu da dövrün yeni leksikonundandır - itkin düşən qaçqınlar.

Həmin qayıqda Abdulla Kurdi, onun həyat yoldaşı və 2 oğlu da vardı. Onlar İŞİD-ə qarşı mübarizənin simvoluna çevrilmiş Suriyanın Kobani şəhərindən qaçmışdılar. Abdulla sağ qurtulur, ancaq bütün ailəsini itirir. 3 yaşlı Aylan, 5 yaşlı Halip və onların anası boğularaq can verir. İndi Abdulla əzizlərini dəfn etmək üçün geriyə - Kobaniyə qayıdır.

Vəssalam. 4 ildir Yer cəhənnəminə çevrildilən Suriyada bu cür faciələr saysız-hesabsızdır. Baiskarlar vəziyyəti dəyişməyə həvəsli deyillər. Qan və ölüm çoxdan ən asan və davamlı qazanc mənbələrindən birinə çevrilib. Avropaya qaçan qurbanlıqlara isə buralarda yer yoxdur.

Çox az siyasətçi var ki, həqiqəti sinizmlə də olsa hər halda söyləyir. Məsələn, Macarıstanın baş naziri Viktor Olban Almaniyada çıxan “Frankfurter Allgemeyne” qəzetində ayın 3-də, Kurdi ailəsinin müsibətindən sonra məqalə yazır və orada söyləyir: “Miqrantlar xristian Avropasının identifikasiyası üçün təhlükədir”, çünki onlar “yad mədəniyyətin nümayəndələridir”, halbuki Avropa “xristian dəyərlərinin daşıyıcısıdır”.

Yəni gəlməyin, qəbul etməyəcəyik. Qalın Suriyada, Liviyada, İraqda və bizlərin yolladığı silahlardan ölümünüzü gözləyin.

Orban bunu gizlətmədən deyir. Digərləri isə heç bunu da demirlər. Onların yalançı “timsah göz yaşları”nın arxasında qanlı statistikanı artıracaq fikirlərin gizlədildiyi maskalar dayanır.

Və hələ də Qərb “Bəşər Əsədin neytrallaşdırılması”ndan danışır. Əcəb kəlmədir - bu, əslində “məhv etmək” termininin müasir evfemizmidir. Və Dante cəhənnəminin dövrələri bir-birini əvəzləyir.

Dünyada cəmisi 1000 gün yaşayan və bu günlərinin hamısı müharibəyə təsadüf edən Aylan Kurdinin son fotosu isə nəyisə dəyişməkdə acizdir. Heç nə yaxşılığa doğru dəyişilməyəcək. Sahilə atılmış humanizm elə sahildə də qalacaq.

Dəhşət həm də elə bundadır - Aylanın ölümü də hər gün Suriyada öldürülən digər körpələrin qırıq həyatı kimi özündən sonra heç bir əməl, nicat qoymayacaq. Olsa-olsa qəzetlərin özlərinin birinci səhifələrində yerləşdirdikləri bu foto qalacaq.

Dövrə çoxdn qapanıb...

Məmməd Süleymanov

Virtualaz.org

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol