Rusiya KİV-nin yaydığı məlumata görə, hökumət ölkəyə xarici dərmanların və tibb cihazlarının idxalını qadağan etməyəcək. Bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova məlumat verib («Exo Moskvı»).
Nazirin dəyərləndirməsinə görə, ölkəsində həyati əhəmiyyətli dərmanların qiyməti əhəmiyyətsiz dərəcədə artıb - cəmi 7,0 faiz. Bu, inflyasiya səviyyəsindən aşağıdır. Skvortsova əlavə edib ki, heç bir böyük farmasevtika şirkəti Rusiya bazarını tərk etməyib.
Xaricdən tibb avadanlıqlarının alınmasının qadağan edilməsi ideyasını ilk dəfə Ticarət nazirliyi ötən ilin payızında irəli sürüb. İlk olaraq, söhbət bütün avadanlıqlardan yox, yalnız ayrı-ayrı aparatlardan gedirdi. O zaman Səhiyyə nazirliyi bu təşəbbüsü tənqid etdi. Səhiyyə naziri Veronika Skvortsova bəyan etdi ki, «idxaləvəzləməsi» tibbi xidmətin keyfiyyətinə təsir göstərməməlidir. Nəticədə, artıq hazır olan qərarın qəbulu uzandı, amma məsələnin kəskinliyi aradan qalxmadı.
Müxtəlif tibbi forumlarda təbabətdə «idxaləvəzləməsi» mövzusu digər mövzularla müqayisədə daha qızğınlıqla müzakirə olundu. Qadağa altına düşəcək avadanlıqların siyahısı zaman-zaman dəyişikliyə məruz qoyuldu. Sonda, siyahıda 100-ə yaxın adda avadanlıq qaldı. Rentgen aparatları, yeni doğlulmuş körpələr üçün inkubatorlar, defibrillyatorlar və bir çox başqa aparatlar.
Avqustda Ticarət nazirliyi bir sıra tibbi qurğu və preparatların idxalının qadağasını nəzərdə tutan planı açıq elan etdi. Xəbər narazılıq dalğası doğurdu. İnternetdə isə petisiyalar görünməyə başladı. Müəlliflər bu potensial qadağanın ləğvini tələb edirdilər. Nəticədə, Dmitri Medvedyev danışdı. Baş nazir «Feysbuk» - da yazdı ki, Rusiya tibb texnikasının idxalından o vaxta qədər imtina etməyəcək ki, yerli məhsulların xarici analoqlarını 100 faiz əvəz etmək qabiliyyətini təsdiq edən zəmanətlər ortaya qoyulmayıb.
Səhiyyə naziri Veronika Skvortsova artıq elan edib ki, məhdudiyyət dərman idxalına da aid edilməyəcək.
Rusiya Tibb Elmələri Akademiyasının nevrologiya elmi mərkəzinin neyrocərrahı Aleksey Kaşeyev hesab edir ki, hazırda Rusiyanın səhiyyə sahəsində «idxaləvəzləməsi» mümkün deyil. Onun fikrincə, mövcud Rusiya istehsallı analoqlar keyfiyyət baxımından xarici məhsullara böyük hesabla uduzur. Bu sahənin inkişafı isə çox ləng gedir.
Bununla bərabər, Kaşeyev qeyd edib ki, Rusiyada tibb avadanlıqlarının və preparatların «idxaləvəzləməsi» təşəbbüsü çox vacib məsələdir.
AzPolitika.info


Şərhlər