Xarici KİV-in yaydığı məlumata görə, Avropaya axışan qaçqınların arasında uşaq və qadınlar çoxluq təşkil edir və onların sayı getdikcə artır. Bu barədə Cenevrədə keçirdiyi brifinqdə BMT Uşaq Fondunun (UNİSEF) rəsmi nümayəndəsi Kristof Bulyerak məlumat verib (TASS).
Bulyerak qeyd edib ki, sentyabrın 1-dən 6-a qədər Makedoniyadan Yunanıstana keçiddəki Hevgeliya şəhərində 10 min qaçqın qeydə alınıb ki, onların da 40 faizə yaxını qadınlar və uşaqlardır. Elə həmin dövrdə Serbiyaya keçiddəki Perşevoda 7720 nəfər qeydə alınıb.
Amma, nümayəndənin sözlərinə görə, müşahidələr göstərir ki, bu iki ölkənin qəbul mərkəzlərinə gəlmiş yşaqların və qadınların sayı yuxarıdakı rəqəmdən iki dəfə çoxdur. Çünki ailələrin çoxu sərbəst hərəkət edir və rəsmi qeydiyyata düşmür.
UNİSEF-in məlumatına görə, iyundan bəri Hevgeliyada 64 mindən artıq miqrant və qaçqın qeydə alınıb. Həmin müddətdə Serbiyaya keçərkən 89 min insan qeydiyyata düşüb.
2015-ci ildə Yaxın Şərqin və Şimali Afrikanın bir sıra ölkələrində münaqişələrin fəallaşması səbəbindən, bu ölkələrdən Avropaya gələn qaçqınların sayı artıb. 2015-ilin yanvar-sentyabr ayları ərzində qaçqınları sayı 351,3 min nəfər təşkil edib və onların demək olar, 200 min nəfəri Aralıq dənizi ilə gəmilərlə gəlib.
Bu problem Avstriyada bir yük maşınında 71 suriyalı qaçqının cəsədi aşkar olunandan sonra KİV-də xüsusi rezonans doğurub. Məlumatlara görə, 2015-ci ildə Avropaya keçmək cəhdləri göstərən qaçqınların ümumilikdə 2,6 min nəfəri həlak olub. Mütəxəssislərin qiymətləndirməsinə görə, cari ilin axırına kimi Avropa İttifaqına miqrant axını 1 milyon nəfərə çata bilər.
AzPolitika.info


Şərhlər