Çırpının - əbanızın ətəyinə yığılmış günahları tökün, xilas olun!

Mirzə AĞ

Azərbaycan müsəlmanlarından biri demişdi ki, mən 26 dəfə həcc ziyarətinə getmişəm. Yəni ki, mövcud və yazılmamış «şəriət qaydaları»na görə, 26 dəfə hacıyam! Mən deyə bilmərəm ki, ziyarətin «tezliyi və sayı» şəxsin dindar olmağına nə qədər dəlalət edir. Amma yaşlılardan eşitdiyim qədim bir rəvayətdən bilirəm ki, Məkkəyə gedib-gəlmək hələ ziyarətin Tanrı tərəfindən qəbul olması demək deyil. Gərək əməllərin saleh, savabların da «şəxsi iş»inə yazılmış olsun - savabın yoxdursa, günahın çoxdursa, ziyarətin qəbul olunmaz, əziyyətin əlində qalar...

Rəvayət belədir ki, qədimlərdə bir dəstə adam piyada həcc ziyarətin yola düşür. Bir müddət getdikdən sonra gecələmək üçün bir kənddə dayanıb, evlərə paylaşırlar. Zəvvarların biri də çoxuşaqlı bir ailənin damı altında yer alır. Görür ki, uşaqlar yemək istəyib, ağlayırlar. Ana isə böyük bir qazanı ocağın üstünə qoyub qaynadır və uşaqları sakitləşdirib, tezliklə yeməyin hazır olacağını deyir. Vaxt ötür, gecə keçir - yemək-bişmək, uşaqlar da ac yatmaq bilmir...

Qonaq dözə bilməyib, qadından soruşur ki, nə üçün uşaqlara yemək vermir - onları nə üçün ağladır. Qadın ağlaya-ağlaya cavab verir: Qardaş, Allahdan gizli deyil, bəndədən nə üçün gizli olsun - bu qazanda qaynatdığım bir-iki qara daşdır, evdə isə yemək deyilən bir nəsnə yoxdur. Bununla, uşaqları aldadıb, yuxuya vermək istəyirəm - sabah Allah kərimdir...

Qonaq kəndin yaxınlığında mal-qoyun fermasından-zaddan nəyinsə olub-olmadığını soruşur. Cavab alır ki, yaxınlıqda böyük qoyun ferması var. Kişi dinmədən evdən çıxır... bir-iki saatdan sonra geri qayıdır - qoltuğunda da bir qoyun cəmdəyi. Cəmdəyi qadına verib deyir: Tez bişir, ver uşaqlar yesin. Əlacsız qadın bişirir - uşaqlar yeyir və yuxuya gedirlər...

Səhər tezdən qadın baxır ki, qonaq evdə yoxdur. Düşünür, yəqin tezdən yoldaşları çağırıb aparıb. Az sonra qonağın zəvar yoldaşları gəlib onu çağırırlar. Qadın çıxıb deyir ki, qonaq tezdən gedib. Zəvvarlar məəttəl qalırlar - onu çox axtarırlar, tapmayada, əlacsız qalıb yola düzəlirlər...

Mənzil başına çatan zəvvarlar görürlər ki, həmin «oğru» kişi artıq Məkkədədir və ziyarəti də hamından əvvəl qəbul olunub.

Bu rəvayəti nağıl elməklə, deməki istəyirəm ki, 26 dəfə yox, lap 2600 dəfə də Məkkəyə gedib-gəlsən, savabın olmasa, ziyaətin qəbul olunmaz - səndən hacı olmaz...

Bir neçə gün bundan əvvəl «Qəfil sual: Mən nə üçün yəhudi deyiləm» adlı yazımın sonunda yazmışdım: «Deyirəm, bəlkə xilas olmaq ücün hamımız birdən - «xorla» dönüb yəhudi olaq?»

Buyurun, dünən KİV-in yaydığı xəbərdə deyilir ki, Almaniyaya üz tutmuş yüzlərlə iranlı, əfqanıstanlı qaçqın bu ölkədə qaçqın statusu (sığınacaq və müavinət!) almaq ümidi ilə İslamdan üz çevirib, xristianlığı qəbul edir! Əcəba, görəsən niyə? Mənim fikrimcə bunun bir səbəbi var - müsəlmanlar artıq öz dindaşlarından ümidini üzür, «boğazdan yuxarı hacı»lardan bir dəstək olmayacağını anlayırlar! Müharibə, səfalət də bir tərəfdən, bu zavallı insanları ən çılğın və məsuliyətli addımlar atmağa məcbur edir...

Dünən KİV-in yaydığı bir xəbərdə isə deyiir ki, bu il Həcc ziyaəti üçün Azərbaycana 2400 zəvvar kvotası verilib və yerlərin hamısı tutulub. Deməli, 2400 azərbaycanlı ən azı, 5-6 min manat pulunu aparıb Səudiyyə Ərəbistanında xərcləyib qayıdacaq Azərbaycana və «mən hacıyam» deyə, fəxrlə sinəsini qabağa verəcək...

Müsəlmanlar idarəsindən verilən bir xəbər isə hər kəsi düşünməyə vadar edir. Xəbərdə deyilir ki, builki zəvvarlarımızın bir qismi «VİP»-dir və sentyabrın 11-də «VİP» təyyarə reysi ilə Səudiyyəyə uçacaqlar. Əcəba, «VİP» nə olan şeydir? Bu abreviaturun açması belədir - Very Important Person (ingilis dilindən tərcüməsi - «çox hörmətli zat» mənasına gəlir). Xəbər görə, «çox hörmətli zat»ların ziyarəti 5750 dollara, «az hörmətli zat»larınkı isə 4700 dollara başa gələcək. İndi oturub fikirləşirəm - məgər, İslam dini ziyarətə baş vuran müsəlmanları puluna-sərvətinə görə, kateqoriyalara bölür?! Bunların ki, bu qədər çox pulları var, bəs nə üçün bir hissəsini din yolunda xərcləmir, zəlalətdə olan dindaşlarına əl tutmurlar?!

Elə həmin ziyarət günləri ərzində daha neçə müsəlmanın aclıqdan-səfalətdən dolayı, xristianlığı qəbul edəcəyini isə demək çətindir. Fəqət, bir məsələ şəksizdir - proses artıq kütləvi xarakter alır...

Təkcə Azərbaycandan 2400 müsəlmanın Məkkəyə ziyarətə yollanacağı ərəfədə (bu gün) yayılan bir xəbər isə adamı lap hövsələdən çıxardır! Xəbər verilir ki, Macarıstanda Petra adlı bir xristian zənən - televiziya operatoru polisdən qaçan miqrantlara badalaq vurub, onları yerə yıxmaqdan, qaçanlara şıllaq atmaqdan zövq alırmış! Yəni ki, Petra xanım müsəlman qaçqınları beləcə ələ salırmış. Bu məqamda, gözlərimin qarşısında bir sual boy venir: Axı, müsəlmanın xristian Avropasında nə işi var?! Bu zavallı insanlar nə üçün kütləvi halda qürbətə axışıb, cəlayi vətən olurlar? Fikrimcə, bunun bir neçə səbəbi var. Onlardan biri də budur ki, müsəlman başbilənlərin olmayan başı pul toplamağa və ziyarət yapmağa qarışıb!!! Digər müsəlman ölkələrində də oxşar, hətta bundan daha acınacaqlı vəziyyət hökm sürür...

Maraqlıdır, müsəlmanların kütləvi halda Avropaya axışdığı bir vaxtda, xristian dünyasının ağsaqqalı, katolik kilsəsinin başçısı Papa Fransisk bütün katoliklərə üz tutaraq, çağırış etdi ki, hər kəs bu qaçqınlara sığınacaq verməlidir. Bunun sətiraltı mənası isə aşağıdakı anlama gəlir - sığınacaq, çörək-su verib, dininizi qəbul etdirin! Almaniyada müşahidə olunan «xaççevirmə»lər bunu dolayısı ilə ortaya qoyur.

Bəs, müsəlmanların başçıları haralarda «sülənib», burun suyu axıdırlar - nə üçün səsləri çıxmır? Lal-kar olublar?!

Cavab verin, cənnətdən dam vurub, insanlara CƏHƏNNƏM bəxş edən imansızlar!!! Bu, elə bir sualdır ki, cavab verəniniz də, cavab verməyəniniz də simasız (imansız) olduğunuzu ortaya qoymuş olacaq, çünki əməl saleh deyil. Çırpının - əbanızın ətəyinə yığılmış günahları tökün, xilas olun! Yoxsa, sonra gec olacaq...