QONŞUDAN QALMA DALA...

Biz kimə, nəyə və niyə səs verəcəyik?!

Xalid NİYAZOV

- A kişi, qonşunun arvadı deyir ki, uje üçüncü villanı tikdirirlər.

- Hə, noolsun, biz də beşincini bitiririk də. Özü də kirli-pasaxlı Vorovskidə-filanda yox, Bodrumda!

- Ay dədə, həyətdəki təzə “Maserati”-ni gördünmü, qonşunun oğlu maşınını dəyişib e...

- A bala, sənin gözüvün yığılan vaxtı olacaqmı?! Ad günündə “Port Baku”dan təptəzə “Bentley” almadıqmı? Heç üstündən bir ay ötmüyüb.

- Papoçka, podruqama “Damskiy salon” bağışladı atası...

- Bir az döz, gözəl qızım, bu gün-sabah sənin də ticarət mərkəzin hazır olacaq.

- Kişiii, deyəsən, qonşu öz danqa oğlunu diptat qayırmaq istiyir. Oranın müdürüynən danış, bizim uşağı da götürsün. Kimdən əskikdi ki?!

- Arvad, boş-boş danışma, orda çox hörmətli adamlar da var. Bir mafar ver, görək noolur bu il...

Heç şübhəsiz, bu dialoq bədii təxəyyülün məhsulu olsa da, hər halda reallıqdan da xali deyil. Qonşuluğumuzda demirəm, çünki bizim qonşuluğumuzda özümüz kimi “proletarlar” yaşayır, amma şəhərin bəlli yerlərində yiyəsinin adı ilə gözə girən dəbdəbəli iqamətgahların divarları arxasında hər axşam təxminən elə bu cür, yaxud elə bundan da əttökən söhbətlər gedir.

* * *

Nə danaq, bəzilərimiz üçün dindən-imandan, lap elə Vətəndən, anadan bir köynək yaxın olan vəzifə hərisliyi ilə bağlı hələ əski dönəmdə, yəni sovetlərin vaxtında konkret, belə deyək, hazır nüsxələr vardı; həmin prosedur kifayət qədər işlənib təkmilləşdirilmişdi - pioner, komsomol, kommunist partiyasının sıraları, sosial mənşəcə fəhlə-kəndli nomenklaturası, məhkum olunmuş və xaricdə yaşayan qohumlarla bağlı qadağalar, nəhayət, beşinci “qrafa” və s.

20 ildən artıqdır ki, həmin kəlbətin şərtlər bir xeyli yumşalıb; bazar iqtisadiyyatı və əşirət psixologiyası öz sözünü deyib.

Bir də ki, yanında qohumun, yerlin, əməl ortağın varsa, daha başqasını axtarmağa nə hacət?! Nə olsun ki, savadsızdır, iki eşşəyin arpasını bölə bilmir, insanlarla danışıb-yovuşmaq qabiliyyəti yoxdur, mərifətdən kəmdir ... Əsas odur ki, özününküdür!

Bəli, hər şey sadələşib.

* * *

Amma sözümüzün kütahı bir başqa, söhbətin məğzi bir özgədir.

Bayırda 2015-in sentyabrıdır. Və necə ki, elan olunub, noyabrın 1- də millət bir əlində al bayraq, o birində rəngbərəng şarlar səs verməyə gedəcək. Daha o sehirli qutudan kimin adı çıxacaq, növbəti beş il üçün “bəylik quşu” kimin çiyninə qonacaq, bu, bakılılar demişkən, alayı sööbətdü, bunun qara camaata heç bir dəxli yoxdur. Nahaqdan deməyiblər ki, ölünü özbaşına qoysan, kəfəni yırtıb qaçar.

Mətbuatdan izləyirik; artıq partiyalar namizədlər siyahısını açıqlayırlar. Vallah, məmləkətdə YAP-dan başqa düz-əməlli partiya varsa, məni it tutsun.

Bəzi QHT sədrləri “qılınclarını itiləyib” meydana giriblər. Hansı ki, işləri-gücləri pul silmək üçün mənasız tədbirlər keçirməkdir.

Hə, bir də deyilənə görə, bu il məmləkətdəki qəzet redaktorlarının 70-80 faizi namizədliyini verəcək. Allah, sən saxla!

Nə baş verir? Əslində, belə bir fəallıq təqdirediləndir. Təzələr düşünürlər ki, bəzi köhnələrdən onların nəyi əskikdir? Ən azından hər nə qədər istəsələr belə az qala MM-nin duayeninə çevrilmiş Madər Musayevdən, Astara və Göyçayda adını yaxın çevrəsindən başqa bir kimsənin eşitmədiyi Aslan Cəfərov və Sabir Hacıyevdən, ən böyük məziyyəti əhli-Cəlilabadın pənahı deyil də Kərəm Həsənovun qardaşı olmağı sayılan Malik Həsənovdan, tütünçü-alim Rüfət Quliyevdən, mebelsatan Mahir Aslanovdan, eləcə də eyni təsnifata daxil ola biləcək bir xeyli isimdən heç də pis deputat olmazlar.

Deyim ki, heç səhv də düşünmürlər. Böyük sənətkarımız Adil İsgəndərovun “ispolkom Kamilovu” demişkən, bu daş, bu da tərəzi, hər şey göz qabağındadır. Biz Marsdan, Yupiterdən gəlməmişik ha!..

Amma şitini-şorunu çıxaranlar da yox deyil. Belələrinin sayı hər irəliləyən gün artacaq. Adlar elan olunduqca daha da təəccüblənəcəyik, heyrətlənəcəyik, əsəbiləşəcəyik, bəzən qımışacaq, hərdən qəhqəhə çəkəcək, bəzən də - Tfu sənin üzünə, ay zamana! – deyib əlimizi dizimizə, ayağımızı da yerə çırpacağıq. Bu arada ən çox xatırladığımız məsəl – Məscidin qapısı açıqdır, itin həyasına nə gəlib? – olacaq.

Cümlə məmləkət əhli bilir ki, Milli Məclisdə təmsil olunmaq oradakı azlıq təşkil edən fəal, işgüzar kəsimdən fərqli olaraq bəziləri üçün özünüifadə vasitəsinə çevrilib. Yəni, özünüifadə deyəndə də birdən çaşıb əqidə, mövqe, ağıl, savad, alicənablıq, vətənkeşlik və s. bu kimi lazımsız, lüzumsuz, bivec şeylər gələr xəyalınıza. Haşa!

Zamanında ulu öndər Heydər Əliyevə Ali Məclisin iclasında çıxış eləməyə imkan verməyərək ayağını yerə döyənlərin, fit çalanların, siyasi riyakarlıqla məşğul olanların, donos ötürənlərin, dövlət çevrilişinə cəhddə iştirak edənlərin izlərini görmədikmi Milli Məclisdə?

Heydər Əliyev haqqında dünyanın ən ədalətsiz, ləyaqətsiz, şərəfsiz yazılarını yazanlar, bir batman balla belə udulmayacaq təhqirlərini yağdıranlar, canım sənə desin, dövlət başçısına qarşı sui-qəsddə iştirak edənlər, ağzının qatığını dağıtmaq hesabına bir gecədə mandatla ənamlandırılanlar Milli Məclisə yol tapmadımı?

Eyni tendensiya, eyni siyasət, eyni ideologiya davam etməkdədir. Bəli, bu artıq təsadüf deyil, “qazandan hərəyə bir çömçə pay” prinsipi də deyil. Olsaydı, nə dərd vardı ki?! Bu, ideologiyadır! Düşünülmüş şəkildə hazırlanıb həyata keçirilən strateji xətdir. Bu barədə bir başqa yazıda.

İndiliksə kimisi dədəsini, kimisi qardaşını, kimisi də qohumunu, şəriyini, menecerini təzədən deputat seçdirmək üçün bazarlığa girişib. Hələ bu harasıdır?! Növbədə oğullar var. Bəli, məmur-oliqarx gədələri! Heç şübhəsiz, dədələri onları Milli Məclisə soxuşdurmağa çalışacaq. Bəzilərinə bu müyəssər də olacaq. Zavallı millət! Dədələrindən gül dərdik, balalarından gülab çəkəcək günlərimiz var hələ qabaqda.

O gün icra başçılarından birini çıxardıb atıblar qırağa. Və qayıdıb razılığını alıbmış kimi deyir ki, vallah, elə çoxdandı deputat olmaq istəyirdim. Yəni adam elə bil rəsmi nağdılaşdırıb yerini. Bir də ki, niyə də olmasın?! Başçısı olduğu rayonu elə satıb-sovub ki, hələ min il bundan sonra da bir tək deputat maaşının ümidinə qalsa, bəsidir.

Amma yenə də maraqlıdır; seçim hansı prinsiplə aparılacaq?

Açıq və şəffaf səsvermə, yoxsa “Qaynana” prinsipi ilə?!

Bəli, uzun illərdir xalqa canla-başla qulluq edən, sözünü deyən, ününə yetən millət vəkillərimiz var və belələrinin yenidən namizədliyini verməsi, yaxud namizədliyinin verilməsi qaranlıq tunelin sonunda görünən işıq qədər ümidvericidir. Onların sayı olsun 10, 20, uzağı 30! Bəs yerdə qalanlar?

Məndən soruşsanız, millətə, dövlətə, dövlətçiliyə asi çıxanlara, imanı tumanının, əqidəsi tamahının ucunda olanlara, YAP-a üzvlük tarixini saxtalaşdırıb YAP siyahısı ilə deputat mandatı alanlara, yalnız şəxsi rifahı naminə hakimiyyəti söyüb-öyən buqələmunlara, siyasi riyakarlara, qudurğan oliqarxlara və s. və s. səs verməyin.

İki aydan sonra - Ay, qonşu hoppanıb qabağa düşdü, biz qaldıq geridə. Ay, filankəsin qardaşı keçdi, mənimkini eyni ana doğmayıbmı? Peşmənkəs yaramazın biri, korrupsionerin yekəsi idi, o hardan gəlib düşdü məclisə və s. - deməmək üçün indidən səsi arıtlamağın və seçimi müəyyənləşdirməyin vaxtıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar