«Hər il dövlət büdcəsinin 35-40 faizi investisiya layihələrinə və tikinti işlərinə sərf olunur»

Rövşən Ağayev: «Söküntü-dağıntı işlərinin hər il təkrarlanmasının əsas səbəbi nəzarətsizlik və özbaşınalıqdır»

Son illər ölkədə, xüsusilə də paytaxt Bakıda abadlaşdırma adı altında bir sıra binaların əsaslı təmir edilməsi, daha sonra isə sökülməsi geniş hal alıb. Bir neçə gün əvvəl Heydər Əliyev prospektində uçan və iki nəfərin ölümünə səbəb olan bina da bir müddət əvvəl təmir olunmuşdu. Binalarla yanaşı eyni yolların hər il təmir edilməsi də geniş vüsət alıb. Üç-dörd il əvvəl təhvil verilmiş yollar sökülür və yenidən tikilir.

Eyni zamanda bir sıra yeni obyektlərin tikintisinin də uzun illər davam etdiyini görmək olur. Hətta belə obyektlər bir çox halda əvvəlcədən elan edildiyi vaxtdan xeyli gec təhvil verilir. Bütün bu hallar büdcədən böyük vəsaitlərin xərclənməsi hesabına həyata keçirilir və əsas korrupsiya mənbəyi hesab olunur.

Hər il tikinti, abadlaşdırma, söküntü işlərinə nə qədər pul xərclənir və bununla bağlı niyə heç bir dövlət qurumu hesabat vermir?

Iqtisadçı-ekspert Rövşən Ağayev "Azadlıq" qəzetinə açıqlamasında hər il dövlət büdcəsinin 35-40 faizinin investisiya layihələrinə və tikinti işlərinə sərf olunduğunu deyir. Abadlıq, söküntü, köçürmək adı altında xərcləmələrin həcmi isə adətən 100 mln manatlarla ölçülür.

Ekspert belə vəziyyətin yaranmasının səbəbini normal büdcə sisteminin qurulmamasında görür. Büdcə vəsaitlərinə nəzarət edəcək normal parlament yoxdur. Parlamet formal fəaliyyət göstərir, heç bir təsiri yoxdur. Eyni zamanda onun yaratdığı Hesablama Palatası proseslərə təsir edə bilməyən, hökumətin korrupsiya layihələrinə ciddi şəkildə müdaxilə edib nəzarət etməyi bacarmayan bir strukturdur: “Azərbaycanda əgər inkişaf etmiş Avropa ölkələrində olduğu kimi nəticəsini cəmiyyətin görməli olduğu büdcə sistemi qurulsaydı, bu proseslər baş verməyəcəkdi. Ələtə köçürülməsi nəzərdə tutulan limanın niyə köçürülməsinin iqtisadi əsaslandırılması yoxdur. Yəni Azərbaycan iqtisadiyyatına bu limanın yerinin dəyişməsi nə verəcək. Limanın tikintisinə bir neçə yüz milyon manat xərclənib, işlərin ucu-bucağı görünmür. Deyilənə görə, ora 2 mlrd manatdan artıq vəsait xərclənəcək. Ancaq nəticə nə olacaq, bilinmir. Hökumət texniki iqtisadi əsaslandırmanı açıqlamalıdır. Yəni liman köçməmiş iqtisadi vəziyyəti necə idi, köçəndən sonra nələr olacaq. Ancaq hökumət bunları cəmiyyətə açıqlamağa özünü borclu saymır. Bunu elan etmək üçün nəticəyə hesablanan gücü olmalıdır. Hər il hökumət elan etməlidir ki, qarşıdakı müddətdə biz bu pulu hara xərcləyəcəyik və cəmiyyət bundan nə götürəcək”.

Ekspertin sözlərinə görə, söküntü-dağıntı işlərinin hər il təkrarlanmasının əsas səbəbi nəzarətsizlik və özbaşınalıqdır. Azərbaycanda bunun hesabını soruşacaq normal hökumət və parlament yoxdur: “Əvvəla, bunu etməməlidirlər. Əgər edirlərsə, hesabı verilməlidir. Bakı-Quba yolu tikilib qurtarıb, indi yolun bir hissəsi yenidən bərpa olunur. Dörd il əvvəl təhvil verilmiş Bakı-Gürcüstan sərhəddi yolunun Kürdəmir-Hacıqabul hissəsi yenidən təmir edilir. Ancaq buna görə heç kimə cəza verilməyib. Belə vəziyyətin yaranmasının əsas səbəbi korrupsiya mühitinin olması ilə yanaşı cəzasızlıqdır. Nəzarət mexanizmləri yoxdur. Ictimai nəzarəti, ümumiyyətlə, saya salan yoxdur. Normal ölkədə prezidentin eşidən qulağı, görən gözü mətbuat, vətəndaş cəmiyyəti olmalıdır. Bizdə hakimiyyət gözünü da bağlayıb, qulaqlarını da tıxayıb. Bu ölkədə nəticə belə olmalıdır”.