Azər RƏŞİDOĞLU
Parlament seçkilərindən sonra ölkənin yeni baş naziri kim ola bilər sualı əsas müzakirə predmetidir. Milli Məclis sədrinin kim olacağı və yaxud Oqtay Əsədovun postunu qoruyacağı ehtimalı demək olar ki, az adamı maraqlandırır.
Baş nazirin kimliyi isə suallar doğurur. Baş nazir məsələsi iqtidarın əsas probleminə çevrilib. Uzun illərdir ki, hakimiyyətdə təmsil olunan ən müxtəlif qruplaşmalar baş nazir postunda öz təmsilçilərini əyləşdirmək arzusundadırlar. Lakin hər şey göründüyü qədər də asan və sadə deyil. Kimisə bu vəzifəyə yüksəltmək həmin qruplaşmaya kart-blanş verilməsi anlamına gələ bilər. Bunun isə əks tərəfin sərt təpkisi ilə qarşılanacağı ehtimalı yüksəkdir. Odur ki, hazırkı mərhələdə nəyisə dəyişmək risklidir.
Lakin indiki baş nazir Artur Rasizadənin seçkidən sonra öz postunu tərk edəcəyi ehtimalı xeyli dərəcədə yüksəkdir. Bunu hamı anlayır və odur ki, iqtidar qrupları Artur Rasizadəni baş nazir postunda kimin əvəzləyəcəyini düşünürlər. Bütün qarşıdurmalar və hakimiyyətdaxili oyunlar məhz bu istiqamətdə qurulur. Onu bu postda əvəz edəcək şəxsin karyerası və aqibəti necə olacaq sualına cavab vermək elə də asan deyil. Bu postun yeni sahibi digər iqtidardaxili qruplaşmaların hədəfində olacaq və bu amil onun taleyinə mənfi təsir göstərə bilər.
Hakimiyyətin baş nazir problemini həll edə bilməməsi iqtidardaxili gərginliyi artırır.
Maraqlıdır ki, adıçəkilən bu mübarizə ən amansız formada aparılır. Bu isə siyasi idarəetmənin özünün yanlışlığını üzə çıxarır. Vaxtı keçmiş idarəçilikdən imtina olunmayacağı təqdirdə “toplananların yerini dəyişdikdə cəm dəyişmir” formulu əsas amil olaraq qalacaq.
Qarşıdan isə parlament seçkiləri ili gəlir. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə hakimiyyətdaxili komandalar daha böyük iddialarda bulunurlar. Onların hədəfində baş nazir postundan tutmuş, nazirliklərin bölüşdürülməsi, siyasi və iqtisadi sferanın tam ələ keçirilməsi kimi məsələlər var. Qruplardan birinin maraqlarını təmin etmək, digərlərinin narazılığı və üsyanı ilə nəticələnə bilər. Bu isə hakimiyyət üçün son dərəcə ağır nəticələnə bilər.
Vurğulayaq ki, indiyə qədər daha güclü qruplar nisbətən zəif qruplaşmaları sıradan çıxartmaqla məşğul idi. İndi isə siyasi müstəvidə təqribən eyni gücə malik qruplar mübarizə aparır və bu mübarizədə qələbə anlayışının özü də nisbi ola bilər.
Yaranmış vəziyyət ölkədə kadr islahatlarının aparılmasını zəruri edir. Belə komanda ilə seçkiyə getmək, uğur qazanılacağı təqdirdə belə ciddi problemlər deməkdir.
Düzdür, yaranmış vəziyyətdə hakimiyyətdaxili qruplaşmaların hamısını eyni zamanda zərərsizləşdirmək də siyasi hakimiyyət üçün təhlükəli ola bilər. Bu baxımdan, adıçəkilən qrupların “xaç ataları”nın cəzalandırılması, qrupların maraqlarının nisbətən saxlanılması çıxış yolu kimi dəyərləndirilə bilər. Lakin məsələ heç də kiminsə “qırmız vərəqə” almasında da deyil. Söhbət “artıq yüklər”dən azad olmaqdan gedir. Əks təqdirdə, hakim elita özü bütövlükdə iflasa uğraya bilər.
Nəzərə alsaq ki, seçkilərin vaxtı yaxınlaşdıqca daxili savaş daha da qızışacaq, qabaqlayıcı tədbirlərin görülməsi qaçılmaz görünür. Bu baxımdan, siyasi hakimiyyətin islahatlara başlaması, struktur dəyişikliyi həyata keçirilməsi ən optimal variant kimi dəyərləndirilə bilər.
Bu baxımdan, bələdiyyələrin səlahiyyətlərinin artırılması, icra strukturunun iştahasının azaldılması, elektron hökumətin formalaşdırılması kimi öhdəliklərə əməl olunmasının vaxtı çoxdan çatıb. Təbii ki, adıçəkilən islahatları həyata keçirə bilməkdən ötrü ölkə daxilində gərginliyin azaldılması vacib elementlərdəndir.
Əks təqdirdə, Azərbaycanda siyasi proseslərin taleyi küçələrdə həll edilə bilər. Hakimiyyətdaxili gərginlik münasibətlərin “reketsayağı” həllinə səbəb olmaqdadır. Artıq demək olar ki, hər gün narazı qrupların şəhər küçələrində “qanlı razborkalarının” şahidi minlərlə insanlar olur. İqtidarın çox qürrələndiyi sabitliyin artıq qoxusu belə qalmayıb. Proseslər isə artan xətt üzrə inkişaf etməkdədir. Nəzərə alsaq ki, cəmiyyətdə cəzasızlıq sindromu yaşanmaqdadır və qisasçılıq əsas məqsəd sayılır, yaxın zamanlarda nələrin baş verə biləciyini ehtimal etmək o qədər də çətin deyil. Bunun qarşısını almağın yeganə yolu demokratik seçkilərdən keçir. Beynəlxalq təşkilatların da Bakıdan tələb etdiyi seçkilərin demokratikliyinin təmin edilməsidir...
Musavat.com

Şərhlər