İlana zəhər verən kərtənkələlər

Nurəddin İsmayıl

Türkiyədə terror səngimək bilmir. Hər gün gələn şəhid xəbərləri qardaş ölkəni göz yaşına bürüyüb. Terrorçular İmralıdan və PKK-nın astar üzü olan HDP adlı siyasi qanadından aldığı təlimatlara uyğun olaraq dinc əhaliyə, asayiş qoruyucularına, ölkənin güvənliyini saxlayan türk ordusunun əsgərlərinə qarşı xain hücumlarını davam etdirir. Onlar qos-qoca Türkiyənin hüzurunu pozan qanlı əməllərindən bir addım geri durmaq istəmirlər.

HDP-çilərdən və digər kürd kökənli siyasilərdən aldıqları dəstək, Türkiyənin parçalnmasında maraqlı olan dövlətlərin göstərdiyi hərbi-texniki yardımlar, ordu və polis qüvvələrinin dislakasiyası haqda kəşfiyyat məlumatlarının gizlincə sızdırılması, ölkədə yaranmış hökumət bohranı fonunda siyasi tarazlığın pozulması PKK-nın əl-qol açmasına münbit zəmin yaradır və onlar ölkəni xaosa sürükləyən yeni terror aktlarına əl qoyurlar.

Bir sözlə, vəhşilik vəhşiliyin dalınca gəlir. Qan tutan gözlər, zombiləşmiş beyinlər, İmralıdan vur əmrini alanlar qadına, qocaya, körpəyə, ona dərs deyən öyrətmənə, şəfqət borcunu yerinə yetirən həkimə, asayiş qoruyucusuna, ordu görəvlisinə acımadan, uf demədən tətik çəkir, körpüləri, beynəlxalq əhəmiyyətli boru kəmərlərini partladır, yollara minalar düzür, məktəbləri, səhiyyə ocaqlarını nişangaha çevirirlər.

Terrorun təkcə baş verdiyi ölkə üçün deyil, bütün dünyada təhlükə mənbəyi olduğunu haray çəkib bağıran Avropa nədənsə Türkiyəni qan gölünə döndərən, sivil əhalini vahimə içində saxlayan, hər gün onlarla can alan terror olaylarına qarşı susqunluq göstərir və heç nə olmayıb kimi laqeydlik nümayiş etdirir.

Avropa siyasiləri utanmadan PKK terrorçularının törətdikləri vəhşilikləri kürd xalqının azadlığı uğrunda aparılan mübarizə kimi dəyərləndirməyə çalışır və insan haqlarını əlində bayraq edərək Türkiyənin terrora qarşı keçirdiyi əməliyyatları hər vasitə ilə əngəlləmək istəyirlər. Çöldən dəstək aldıqca, silah-sursatla təhciz olunduqca daha da quduzlaşır, dağda oturub aranı qarışdırır, aranda oturub dağdakı quldurları Türkiyənin üstünə saldırır, xarici düşmənlərlə əlbir olub, dövlət içinə dövlət yaratmaq kimi qorxulu planlar cızırlar.

PKK-nın iç müdafiəçiləri isə Ərdoğan hökumətinin yaratdığı boşluqdan yararlanıb ölkə parlamentində səksən yer alan HDP-çilər, heybələrində terrorçulara ərzaq, dərman daşıyan, onların əhali arasına sızıb təxribatlar törətməsinə göz yuman, strateji hədəfləri nişan verən bölgə valiləri, bələdiyyə başqanları və digər görəv sahibləri olan kürd rəsmiləridir.

HDP başqanı N.Dəmirtaş həyasızcasına ölən terrorçu ilə terrora qarşı mübarizədə şəhid olan əsgəri eyni tərəziyə qoyub yalandan göz yaşı axıdırsa, millət vəkili Ş.Özənli toxunulmazlığından istifadə edib örgütə qida, dərman daşıyırsa, vali öz evində terrorçunu gizlədirsə, onda türk insanı ilana zəhər verən bu kərtənkələləri siyasi səhnədən sıxışıdırıb kənara atmalı, onlara həddini bildirməlidir.

İçəridən və çöldən PKK-ya dəstək verənlərin məqsədi gün kimi aydındır. Türkiyəni parçalamaq, unitar yapısını məhv etmək, iqtisadi qüdrətini sarsıtmaq, siyasi varlığına son qoymaq, Suriya və İrakın gününə salıb imperalist dövlətlərin vassalına çevirmək. Bacaracaqlarmı, mənfur istəklərinə çatacaqlarmı? Çətin.

Qanı, canı bahasına Malazgird, Çanaqqala, Sarıqamış adlı döyüş dastanlarını tarixə yazdıran, imperialis dövlətlərin birləşmiş qoşunlarını boğazlarda boğazlayan, son beşik övladını belə şəhid verəndə “vətən sağ olsun” deyib, vətən uğrunda ölməyi şərəf bilən bir millətin əzmini qırmaq haqqında xam xəyallara düşənlər, əlbəttə, yanıldıqlarının fərqində olmalıdırlar.

Terrorla mücadilədə yapa-yalnız buraxılan Türkiyədə hər kəsin ibrət alacağı nə gözəl örnəklər varmış. Dağlıca bölgəsində hərəkət edən maşın karvanı terrorçuların qurduğu mina pusqusuna düşür. Partlayış və dalınca ağır silahlardan açılan atəşlər nəticəsində 16 türk əsgəri şəhid olur. Xüsusi təyinatlıların bir qrupunun isə itkin düşməsi xəbəri yayılır. Əslində onlar öz komandirlərinin “geri dön” əmrinə sayqısızlıq olmasın deyə ratsiyalarını söndürmüş və düşməni azdırmaq məqsədi ilə özlərinin itkin obrazını yaratmışlar. Fəqət sonda bəlli olur ki, bu cəsur və qəhrəman əsgərlər şəhid olmuş arkadaşlarının qisasını almaq andını içmiş və andlarına sadiq qalaraq 70-dən artıq terrorçunu məhv etmiş, bir çox terrorçunu isə əsir alaraq geri dönmüşlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar