"Prezidentin istefası məsələsinə yalnız Suriya xalqı qərar verə bilər"
"Hakimiyyətin bölüşdürülməsinə qaldıqda isə biz bunu müxalifətlə danışmışıq və onlar razılaşıblar."
AzPolitika.info-nun “Russia Today”ə istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsədr Rusiya KİV-lərinə verdiyi müsahibədə deyib.
“Biz böhranın əvvəlindən bəri dialoqun tərəfində olmuşuq. Suriyada, Moskva və Cenevrədə suriyadaxili münaqişələrlə bağlı dialoqun bir neçə raundu keçirilib. Yeganə uğur qazandığımız danışıqlar “Moskva-2” olub. Nə Cenevrə, nə də “Moskva-1” irəliləyiş gətirməyib. Lakin bu addım da tam deyildi. Təbiidir, çünki böhran çox böyük miqyasdadır. Lakin biz bunu irəli addım hesab edirik və “Moskva-3” danışıqlarını gözləyirik. Düşünürəm ki, terrora qarşı mübarizəyə paralel olaraq, ölkəmizin gələcəyi ilə bağlı vahid fikrə gəlmək üçün Suriyanın siyasi partiyaları və birləşmələri arasında dialoq aparmaq lazımdır. Bu istiqamətdə irəliləməliyik”, - deyə prezident bildirib.
Lakin o qeyd edib ki, müxtəlif məsələlərdə razılığa gəlsələr belə, Suriya vətəndaşlarının təhlükəsizlik məsələsində vəziyyət başqadır: “Biz konsensus əldə edə bilərik, amma Suriyada terrora qalib gəlmək üçün heç nə edə bilmərik. Biz terrorla mübarizə aparmalıyıq, təkcə “İslam dövləti” ilə yox. Hakimiyyətin bölüşdürülməsinə qaldıqda isə biz bunu müxalifətlə danışmışıq və onlar razılaşıblar. Bir neçə il əvvəl müxalifət nümayəndələri hökumətə daxil olublar. Hakimiyyətin bölüşdürülməsi konsitutisiyaya görə seçkilərlə müəyyən edilsə də, biz indi bunu etməyi qərara aldıq ki, daha irəli addım ata bilək”.
O vurğulayıb ki, Qərb əvvəl Suriya hadisələrini dinc etirazlar, daha sonra mülayim müxalifətin çıxışları adlandırırdı: “İndi isə İŞİD və “Əl-Nüsrə Cəbhəsi” simasında terrordan danışırlar, amma bunda da Suriya hakimiyyətini və Suriya prezidentini günahlandırırlar. Beləliklə, nə qədər ki, bu cür təbliğat xətti davam edir, onlar (Qərb ölkələri – red.) daha çox qaçqın qəbul etməli olacaqlar. Əgər Avropalıları qaçqınların taleyi narahat edirsə, terroru dəstəkləməyi dayandırsınlar”.
O qeyd edib ki, məsələ Avropanın qaçqınlara kömək edib-etməməsində yox, ilkin səbəbin aradan qaldırılmasındadır. B.Əsəd vurğulayıb ki, hər bir Suriya vətəndaşını hazırda sabitlik və təhlükəsizlik maraqlandırır.
Qərbi sərt tənqid edən Suriya prezidenti əlavə edib ki, Qərb inadla onu devirmək istəyir: "Onlar bir adamı devirmək, onun yerinə isə öz vətəninin yox, həmin ölkələrin maraqlarına cavab verən digər bir adamı gətirmək istəyirlər. Prezidentin hakimiyyətdə qalıb qalmaması məsələsini ABŞ, BMT Təhlükəsizlik Şurası və Cenevrə konfransı yox, xalq həll edir. Xalq prezidentin vəzifədə qalmasını istəyirsə, prezident qalmalıdır - əks halda o, dərhal vəzifəsindən getməlidir”.


Şərhlər