Mirzə AĞ

Oturub, elə hey, Avropanı fikirləşirəm - vəziyyəti yaxşı olmeyajax, Köhnə Dünyanın. Pis olajax - lap pis...

Amma günah özündədir. Azərbaycanda belə məqamda deyərlər: «Özü yıxılan, ağlamaz, qaqa». Öz cəzandır - çək!

Ey, dəyərləri pas atmış, mentaliteti çat vermiş, məişəti üfunət saçan, elmi-təhsili ikrah doğuran Avropa! Bilmirdin ki, bizim yolumuzu köndələn keçmək olmaz? Axı sənə çoxlu xəbərdarlıq elədik. Sözə baxmadın - indi al gəldi!

Hələ bu, «jurnal»ıdı, Köhnə Dünya. Kinosu ardınca və tezliklə gələcək. Hələ nə eləmişik ki? Parlamentimiz, çox-çox həşəmətli deputatlarımız bircə bəyanatfason qayırıb ki, sənin bağrın təkcə bundan yarıldı. Mən əminəm ki, «bayənət»in ardınca deputatlarımızın, nazirlərimizin, oliqarxlamızın, oğrularımızın, quldurlarımızın, cibgirlərimizin hamısı və deputatlığa namizədlərimizin təxminən, yarısı (potensial deputatlar) - cümlə «elita»mız tezliklə Avropanın qayırdığı «Mersedes», «BMV» və s. kimi yöndəmsiz, simasız və beyrahat avtomobillərindən imtina edib, onları sənin özüvə qaytaracaqlar - etiraz əlaməti olaraq! Acıqla (bizim KİV-in təbirincə desək, çox sərt formada!) deyəcəklər: «Al zibilivi, iti - öldürənə sürüdərlər»...

Daha bundan sonra Cahangir müəllim ikiqat-üçqat baha qiymətə sizin qozbel təyyarələrinizi, Ziya müəllim tısğaba yerişli «sürət qatar-matarlarınızı», yekəqarın avtobumlarınızı, rabitə nazirliyimiz heç nəyə yaramayan primitiv «yüksək texnologiyalarınızı» alası deyil - qulağının dibini görərsən. Daha, Avropa-Amerika istehsalı olan yumru-yöndəmsiz saatları taxası deyilik, sənin istehsal etdiyin aşağı keyfiyyətli paltarları geyəsi deyilik, biləsən...

Bundan sonra sənin acığına, göyçək «Moskviç»lərdə gəzib, yüklərimizi əjdaha kimi «polutorka» maşınlarında daşıyacağıq. Hələ, ceyran duruşlu «Volqa»larımızı demirəm. Heç «Boinq»ə tərəf baxmayacağıq da. Allah versin «Tu»larımıza, «Yak»larımıza, «An»larımıza - minib, genələ-genələ, bir saatlıq yolu, keflə, düz 10 saata uçacağıq. Sənin qayırdığın kompüterə, mobil telefona və digər «bezdeluşka»lara birdəfəlik arxa çevirib, «doloy» deyəcəyik...

Sən, yaxşılığı qanmadın. Odur ki, bundan sonra sənə bircə çay qaşığı neft, bircə balon qaz-maz da verəsi deyilik. Qarşıdan qış gəlir - di, donub öl, öz dəyərlərinlə, demaqratiyanla birliklə! Yoxsa ki, qudurdun - başladın müstəqil və suveren Azərbaycan Resbubulkasının «şəxsi işləri»nə qarışmağa. Sənə nə var ki, kimi tüməyə basırıq, kimi deputat qayırırıq, kim nə qədər oğurlayır, camaata niyə su vermirik?! Yaxşı eliyirik - dövlət bizim (babamızdan qalıb!), ağıl bizim, seçim bizim, xalq bizim - dözüm də bizim. Lazım gələrsə, çox şeylər yaparıq - indi oturub Lazımı gözləyirik. Sən də o tərəfdən Lazımı bizim üstümüzə qaldırırsan?!

Yazıq Avropa - adamın yazığı gəlir! Sən öl, o didərgin saldığın qaçqınlar səni tapdalayıb, ayaqaltı eliyəjək. Hələ indi gələnlər qaçqın selinin «avanqard»ıdı. Gözlə, davamı çox dəhşətli olacaq!

Bəsdi, ona-buna barmaq elədin - özüvü yığışdır. Dəyər-məyərini, demaqratiyanı-zadını da özünə saxla, ac qalanda yeyərsən. Bizdən də əlini üz - biz, səndən küsdərəcik! Daha sən tərəfə baxası deyilik. Sənə baxanda ürəyimiz ağrıır. O gün spikerimiz sənə tərəf nə təhər kinayə ilə baxdısa, ürəktutması başladı - kişinin hayına düz 124 ədəd «təcili yardım» maşını gəldi. Deputatlarımızın hərəsi bir maşın çağırmışdı. İndi həmin «insident»dən sonra hər iclas zamanı parlamentimizin qapısı ağzında 25 «skorıy» dayanıb, əmrə müntəzir olur...

Ey nankor Avropa! Aç qulağıvı, eşit ki, biz nə yapırıq, sən nə qayırırsan! Sənin xətrin xoş olsun deyə, biz camahatımızın boğazından kəsib, sənin «oyun»larını keçirtdik - milyardlar xərclədik, Ledi Qaqa kimi dünya şöhrətli «muzıkant»ları gətirib, Bakıda oxutduq - bir ətək də pul verib, hörmət-izzətlə yola saldıq. Samolyot vağzalından onu şəxsən Azad müəllim özü yola saldı. Bax, budur bizim mərifət-qanacağımız...

Bəs, sən neylədin? Durub, ağlına gələni danışırsan: nə bilim, söz azadlığı, demaqratiya, insan haqları... Ə, işin-peşən yoxdur? Niyə başıvı aşağı salıb, kasıbçılığınla məşğul olmursan? Mən, əminliklə deyə bilərəm ki, sənin gözlərin kordur, ya da ki, daltoniksən. Ə, sən bizdə olan «söz azadlığı boyda pəstah»ı görmursənsə, vay halına! Biləsən, bizdə söz azadlığı «itinə tök» qədər boldur. Sadəcə, bizim cəmiyyətdə «azad sözü it yerinə qoyan yoxdur». Bu da ki, mentalitet məsələsidir - sənin belə şeylərə qarışmağa ixtiyarın yoxdur. Hər kəsin öz mentaliteti, xəri-xəsiyyəti var...

Demaqratiyanı da özünə saxla - bizciyəzə lazım dəyil. Bizim öz demaqratiyamız var - «Göydə Allah - yerdə Padişah!» Qoy Allah hərəninkin özünə qismət eləsin. Belə getsə, o parlamentdi-nədi, bax onu da buraxajıyıx getsin işinə - bir iş görən dəyil, amma əl-ayağa dolaşır. «Voobşe» onun nə qədər tühaf bir şey olduğu barədə məşhur ingilis diplomat və yazıçı Ceyms Moriyer hələ 19-u əsrdə yazıb. Yazıb ki, Londonun mərkəzində bir ev var. Hər gün 200 kişi həmin evə yığışıb, söyüşür. Onlar söyüşüb qurtarmayınca, bu ölkədə heç bir qərar nəbul etmək mümkün dəyil. Budur sənin demaqratiyan? Daha zəhləmizi tökdü bu seçkilər, nə bilim parlament və daha nələr...

Hər evin bir böyüyü olduğu kimi, ölkənin də böyüyü bir olar. Bizim dəyərimiz bax, budur. Yoxsa ki, siz tərəfdə hərənin ağzı bir mahnı çalır - dövlətin başçısı qalır bir yanda, məsələn, spiker çirmənib çıxır ortalığa, sağa-sola od püsküyrür. Onun ardınca baş nazir, o biri nazirlər, nə bilim müxalifət partiyalarının başçıları... Anarxiya yaranır, it yiyəsin tanımır - yiyəsi də itdən lap «it kimi» qorxmağa başlayır! Lazım dəyil bizə belə şeylər - özüvə saxla.

Səhv eləmişik ki, indiyə qədər sənin kimi bir nankora salam vermişik - innən belə vermərik. Bizdən də əlivi üz - daha bizdən sənə yar olmaz...

Yazıq Avropa - adamın yazığı gəlir! Bizsiz necə yaşayacaqsan - axırın nə təhər olajax?