Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.
72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən lent.az-a verilən məlumata görə, partiya sədrinin sənədləri artıq DSK-ya təqdim olunub. DSK-dan bildirilib ki, S.Rüstəmxanlının sənədləri təqdim olunsa da, namizədliyi hələ təsdiq olunmayıb.
Qeyd edək ki, S.Rüstəmxanlı parlament seçkilərində namizəd olub-olmayacağı ilə bağlı açıqlamasında bildirmişdi ki, həyat yoldaşı Tənzilə Rüstəmxanlı ilə razılaşandan sonra namizədliyini irəli sürməyi düşünür: "Mən deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Azərbaycanda belə bir ənənə yaranıb ki, guya ər-arvad, yəni, bir evdən iki nəfər Milli Məclisə seçilə bilməz. Buna görə də, yəqin ki, Tənzilə Rüstəmxanlı həmişə olduğu kimi sonuncu qərarında da mənə güzəştə gedəcək. Keçən dəfə də buna bənzər bir şey olmuşdu, sonda Tənzilə xanım mənə güzəştə getdi. Düşünürəm ki, bu dəfə də eyni vəziyyətdir”.
Xatırladaq ki, S. Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı APA-ya deputatlığa namizəd olacağını açıqlayaraq, bu məsələdə S. Rüstəmxanlı ilə razılaşdığını bildirib.


Şərhlər