Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun hansı dairədən deputatlığa namizəd olacağı məlum olub. AzPolitika.info-ya daxil olan məlumata görə, MŞ sədri 62 saylı Saatlı Seçki Dairəsində mandat uğrunda mübarizə aparacaq.
Bu dairənin hazırki deputatı akademik Cəlal Əliyev 1 noyabr seçkilərində iştirak etməyəcək. Yeni Azərbaycan Partiyası (YAP) 62 saylı dairədən Rəşidov Nazim Sahib oğlunun namizədliyini irəli sürüb.
Əflatun Amaşov seçkidə iştirak niyyətini iki gün əvvəl açıqlasa da, hansı dairədən namizəd olacağını bildirməmişdi. “Bunu hələ dəqiqləşdirməmişəm. Dairələrdən kimlərin namizəd olduğunu, kimlərlə qarşılacağımızı bilmək lazımdır. Buna uyğun da təbliğat aparmalıyıq”.
Bizə verilən məlumata görə, sabah Əflatun Amaşov sənədlərini 62 saylı Dairə Seçki Komissiyasına təqdim edəcək.
Qeyd edək ki, əməkdaşımız MŞ sədrinin niyə Bakıdan yox, Saatlıdan namizəd olduğunu öyrənmək üçün özü ilə danışmağa cəhd edib. Lakin o, sükan arxasında olduğunu bildirərək, daha sonra əlaqə saxlamağı tövsiyyə edib.
***
Mətbuat Şurasının sədri Əflatun Amaşov 1 noyabr parlament seçkilərinə 62 saylı Saatlı seçki dairəsindən qatılacağını təsdiqləyib. O, bunula bağlı açıqlamasında Milli Məclisi canlı orqanizmə bənzədərək, orada "bütün orqanların" funksional fəaliyyət göstərməsinin zəruri olduğunu deyib: "Parlamenti mediasız, jurnalistlərsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki media cəmiyyətin güzgüsüdür. Onun problemlərinin sistemli şəkildə və ardıcıl gündəmə gətirilməsinə hər zaman ehtiyac var. Buna görə jurnalistikanın parlamentdə təmsilçiliyi vacibdir. Deputat olmaq istəyim həm də bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir."
MŞ sədri daha sonra bildirib ki, 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirak barədə fikri çoxdan formalaşıb: "Belə qənaətə gəlmişdim ki, namizədliyimi bölgələrdən birindən irəli sürəcəm. Azərbaycanın demək olar, bütün rayonlarında dəfələrlə olmuşam. Ölkəmizin hər yeri mənim üçün əzizdir. Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Seçki rəqabətdir. Parlament seçkisi isə böyük rəqabət meydanıdır. Hər bir namizəd çalışacaq ki, özünün daha faydalı olduğunu göstərsin. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlaımı atmışam. Gərgin işlərə başlamışam. Məni dəstəkləyəcək hər kəsə öncədən təşəkkürümü bildirirəm."
Rüfət


Şərhlər