Ukrayna müxalifətinin “Batkivşına” fraksiyasının başçısı Arseniy Yasenyuk və “Udar”partiyasının lideri Vitaliy Kliçko Münxendə keçiriləcək təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda iştirak ediblər. Onların burda ABŞ dövlət katibi Con Kerri ilə görüşləri baş tutub. ”Batkevşina” fraksiyasının mətbuat xidmətindən verilən məlumata görə, konfrans çərçivəsində Arseniy Yasenyukun senator Con Makkeyn, Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik üzrə yüksək təmsilçisi Ketrin Eşton, Almaniya prezidenti Yoaxim Gaukl və Almaniyanın Xarici İşlər Naziri Frank-Mayer Ştanmayerlə də görüşləri nəzərdə tutulub.
Ukrayna müxalifətçilərinin Con Kerri ilə görüşünün təfərrüatları açıqlanmayıb.
Lakin ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psakin görüşdən əvvəl baş tutan Con Kerri ilə müxalifət liderlərinin telefon danışıqlarını şərh belə edib: “Dövlət katibi Ukraynanın Avropaya inteqrasiya olunmasının tərəfdarı olduğunu bildirib və demokratiyanı dinc yolla müdafiə etməyə çağırıb. Con Kerri Ukraynada baş verən hadisələrdən xeyli narahatdır və əsasən də insan qaçırılmaları kimi hadisələri qətiyyən yolverilməz hesab edir. Baş verən belə cinayət hadisələri ilə əlaqədar xüsusi komissiyanın yaradılması isə vacibdir”.
Bundan əvvəl isə ABŞ administrasiyası açıq şəkildə bildirmişdi ki, Ukraynada baş verən hadisələrlə bağlı həm hakimiyyət nümayəndələrinə, həm də ki, vəziyyəti qızışdırmaq istəyən müxalifətə qarşı sanksiyalar tətbiq edilə bilər.
Münxen konfransında Ukrayna müxalifətinin iştirakına Rusiya tərəfinin də maraqlı reaksiyası olub. Baş nazirin müavini Dmitri Raqozin öz tvitterində bunları yazıb:
“Münxendəki konfransda Con Keri Ukraynadakı vəziyyəti boksçu Kliçko, müğənni Ruslana ilə müzakirə edəcək. Bu sirkdir. Danışıqlarda bircə Vera Serdyuçka çatışmır.”
V.Nəsibov


Şərhlər