Menu

“Fövqəlnazir”in müşavirəsində dövlət qurumlarına ağır ittihamlar

02.02.2014, 16:11
“Fövqəlnazir”in müşavirəsində dövlət qurumlarına ağır ittihamlar

Dünən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında nazir Kəmaləddin Heydərov geniş müşavirə keçirib. Müşavirə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin yanvarın 9-da keçirilmiş 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların müzakirəsi ilə əlaqədar olub.

K.Heydərov müşavirədə infrastruktur, nəqliyyat və digər sahələrdə aparılan tikinti prosesində təhlükəsizlik qaydalarına ciddi əməl olunması və görülən işlərin keyfiyyətinin artırılmasının vacibliyindən danışıb. Bildirib ki, hazırda inşası davam etdirilən və tikintisi başa çatmış dövlət və özəl sektordakı tikililərin qanunlara və normalara uyğun inşa olunmasına, layihə sənədlərinin mövcud qanunvericiliyə uyğun ekspertizadan keçirilməsinə, istismarına icazə verilən obyektlərin təhlükəsizlik qaydalarının icrasına nəzarətin gücləndirilməsinə ciddi riayət olunmalıdır. K.Heydərov həmçinin ölkə ərazisində tikinti, sənaye və dağ-mədən sahələrində təhlükəsizliyə nəzarətin gücləndirilməsinin, qanunsuz və o cümlədən də pozuntularla tikilən obyektlərin inşasını qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılması və sökülməsi ilə bağlı ciddi tədbirlərin görülməsini, insanların təhlükəsiz həyat və fəaliyyətinin təminatının vacib amil olduğunu qeyd edib.

Sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəhbər şəxsləri tabeliklərində olan qurumların fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov dövlət təşkilatlarında, Nəqliyyat Nazirliyinin sifarişçisi olan “Azəryolservis” ASC və “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Bakı Elektrikşəbəkə” ASC, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, “Meliorasiya və su təsərrüfatı” ASC, Metropoliten, bundan başqa özəl müəssisələr, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin və Abşeron rayonunun ərazisində yerləşən otellər, ticarət mərkəzləri, istirahət mərkəzləri, izibati binalarda nöqsanlara yol verildiyini bildirib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev neft-qaz, energetika, səhiyyə, təhsil, mədəniyyət və turizm nazirliklərinin obyektlərində, kütləvi istirahət obyektlərində və otellərin bir qismində, metropolitendə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına yol verildiyini açıqlayıb.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov neft-qaz çıxarma, emal və xidmət sahələrində, tikinti materialları istehsalı üçün icra hakimiyyətləri tərəfindən ayrılan ərazilər, kimya sənayesi, magistral boru kəmərlərində, lift təsərrüfatında pozuntulara yol verildiyini qeyd edib.

Müşavirəyə nazir K.Heydərov yekun vuraraq, pozuntulara yol vermiş hüquqi və fiziki şəxslər barəsində fəaliyyəti dayandırılmaqla Tikinti Məcəlləsi və digər aidiyyəti normativ aktlarla nəzərdə tutulmuş tədbirlərin görüləcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol