"Hakimiyyətin ən yüksək eşalonunda da kifayət qədər erməni əsilli məmurlar var"

“Bəzən mövqelərinə görə Azərbaycan mətbuatını Ermənistan mətbuatı ilə səhv salıram. Azərbaycan mətbuatı qarışıq ailənin (Orucovları nəzərdə tuturam) Ermənistana qaçdığını, Ermənistan isə bu ailənin sığınacaq almaq məqsədilə bir qədər əvvəl Avropa ölkələrinə müraciət etdiyini və rədd cavabı aldıqdan sonra isə eyni məqsədlə Ermənistana gəldiyini yazır."

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev Moderator.az-a açıqlamasında bir ailənin siyasi sığınacaq tələbi ilə Ermənistana keçdiyi haqda məlumatları şərh edərkən belə deyib.

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda minlərlə erməni yaşayır və onlar heç bir təhlükə hiss etmirlər.

"Azərbaycan ərazisində hazırda 25 000 nəfər erməni yaşayır və onların bəziləri erməni adi və soyadı ilə Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasportla təmin olunublar, ölkəni tərk etmək niyyətində də deyillər və öz hüqüqlarının müdafiəsi üçün çəkinmədən hüquq-mühafizə orqanlarında və məhkəmələrdə mübahisələr də acırlar, hələ məhkəmələrdə azərbaycanlını da udurlar. Hakimiyyətin ən yüksək eşalonunda da kifayət qədər erməni əsilli məmurlar var. Məncə bir qarışıq ailənin Ermənistana getməsinı bu qədər böyütmək düzgün deyil. Daha maraqlısı odur ki, olanların heç birisi Azərbaycanı tərk etmək istəmir və bəziləri müstəqillikdən sonra ölkəyə gələnlərdir. Sual oluna bilər, niyə onlar Azərbaycandan getmirlər və ya niyə gedənlər yenidən Azərbaycana qayıdır. Hətta bəzən mən fikirləşirəm ki, Bakıdakı 25 min erməni bəlkə də ölən və itkin düşən şəxs kimi Ermənistanda qeydiyyatdadırlar. Yəni bizdə soyadını dəyişməklə yaşayanlar olduqca çoxdur. Ola bilsin onlar Ermənistanda Sumqayıt hadisələri və ya Bakı hadisələri zamanı itkin düşən və ya qətlə yetirilən kimi qeydə alınıblar. Odur ki, müvafiq orqanlar bu məsələni bir daha gündəmə gətirməli və dəqiqləşdirməlidirlər.”