Son aylarda Suriyadan Avropaya mühacir axınının artması avropalı siyasilər arasında, nəinki qaçqınların bölüşdürülməsi, həm də Suriya probleminin həlli ilə bağlı fikir ayrılıqlarına səbəb olub.
Avropanın siyasi dairələrində problemin nəticələrinə yox, səbəblərinə diqqəti yönəltmək çağırışları artıb və dövlət başçılarının da açıqlamalarında Suriyadakı vətəndaş müharibəsinin “siyasi dialoqla tənzimlənməsi” yönündə bəyanatlar mətbuatın gündəminə daha çox gəlir.
Xüsusilə də, Avropa İttifaqının qaçqınlarla bağlı ötən həftə keçirdiyi növbədənkənar sammitdən sonra siyasi dialoq variantının daha da aktuallaşdığı hiss olunur.
Almaniya kansleri Angela Merkelin “bir çox iştirakçılarla, o cümlədən Əsədlə danışmalıyıq” deməsi Berlinin mövqeyində Əsədlə bağlı dəyişikliyin olduğunu göstərdi. Merkel, Əsədin getməsini tələb edən Türkiyə prezidenti və baş naziri ilə eyni fikirdə olmasa da, ötən gün qaçqın problemində Ankara ilə əməkdaşlığı önəmli saydığını deyib.
Bəs bu əməkdaşlıq necə olacaq?... Bu barədə bir az sonra.
Fransa prezidenti Ollandın Əsədlə bağlı mövqeyi fərqlidir: “Suriyanın gələcəyində hazırkı dövlət başçısı üçün yer yoxdur”.
Paris Əsədlə əməkdaşlığa isti baxmasa da, əvvəlki anti-Əsəd əhval-ruhiyyəsində nisbətən yumşalma var. Əslində məsələ Əsəddə deyil, söhbət Avropanın kənardan izlədiyi Suriya probleminin öz “evinin içinə qədər” gəlib çıxmasından gedir.
İtaliya baş naziri Matteo Renzinin fikrincə, hazırkı qaçqın böhranına məhz Avropa İttifaqının xarici siyasəti səbəb olub: “Biz ona görə bu vəziyyətdəyik ki, Suriya və Liviya ilə bağlı xarici siyasətdə mübahisəli qərarlar qəbul olunub”.
Bundan başqa, Renzi Aİ-nin miqrasiya problemi ilə bağlı qərarlarını sərt tənqid edib: “Üç aylıq gecikmə ilə biz dediyimizə gəldilər. Reallıq Breüsselin sənədlərindən güclüdür və yay ərzindəki görüşlər də bəzi tərəfdaşlarımızın uzaqgörən olmadığını göstərdi”.
ABŞ dövlət katibi Con Kerri isə Bəşər Əsədin son zamanlar “qətiyyətli” davranmasının səbəbinin Rusiyanın dəstəyi ilə yanaşı, qaçqın axınının artması olduğunu bildirib.

Kreml tərəfdən “hər şeyi üstümüzə yıxmayın” cavabları gəlsə də, bir həqiqət danılmazdır ki, bu gün dünya ictimaiyyəti və mühacir axınından narahat olan dairələr üçün ittiham hədəfi olaraq ABŞ və Aİ ortaya çıxıb. Qərbin dörd il boyunca “Əsəd getməlidir” tipli bəyanatları bir nəticə vermədi. Əksinə, proses daha da çətinə düşdü.
Vladimir Putinin sözlərinə görə, insanlar daha çox xaricdən qaynaqlanan döyüşlərdə iştirak etmək istəmirlər, ona görə də qaçırlar.
Rusiyanın Suriyadakı hərbi mövcudluğunun artırması barədə məlumatlar nə qədər “deşifrə” kimi görünsə də, əslində Moskvanın Qərbə mesajı kimi də anlaşıla bilər: “Suriyanı tək buraxmayacağıq – son ana qədər müqavimət fikrindəyik”.
Hərçənd ABŞ tərəfi suriyalı müxalifləri Moskva danışıqlarına buraxdı, lakin Ağ Evdə İran dəstəkli Əsədlə bağlı yanaşma dəyişənə bənzəmir. Kreml isə bu danışıqlar prosesində “dinc oturmayaraq” bir daha nümayiş etdirdi ki, yalançı vədlərlə iş görməyə maraqlı deyil.
Danışıqlarda ABŞ qüvvələrinin Suriyaya girməsi məsələsi də beləcə kənarda qaldı. Bu, o deməkdir ki, ABŞ regionda Rusiya varlığını tanımalıdır.
Lakin yenə də ortaya optimal variantlar gəlir: müvəqqəti atəşkəs və Əsədin vəzifəsindən mühakiməsiz getməsi üçün imkan tanıdılması. Əgər ABŞ indiyə qədər silahlandırdığı qüvvələrə də atəşkəs və dialoq şərtlərini qəbul etdirə bilərsə, nəticədə qaçqın axını da dayana bilər.
Uzun müddət Türkiyəyə sığınmış suriyalıların PKK-nın aktivləşməsindən sonra daha çox Aİ-yə köç etməyə çalışması Aİ-nin və ABŞ-ın qarşısında daha bir önəmli məsələni qaldırır: TÜRKİYƏDƏKİ SABİTLİK.
Türkiyə bu məsələdə Qərbə müəyyən təzyiqlər göstərə bilər və “əgər əməkdaşlıq etmək istəyirsinizsə, terrorla mübarizədə bizi açıq və ikili oyunlar olmadan dəstəkləyin” deyə bilər.
Rusiya da Aİ-nin tərəddüdlər halına gətirməklə Ağ Evə təzyiq mexanizmini işə salmış olur.
Ankara və Rusiya arasındakı münasibətlərin bir qədər səngiməsi, “Türk axını” layihəsindəki “donuqluq” Ərdoğan və Davudoğlunun Əsədlə bağlı nüanslarda yumşalması üçün də “stimul” olacaq.
Beləcə, Aİ-nin ABŞ-dan küskün qalması, Ankaranın problemlərdən baş çıxarmaq üçün Suriya məsələsində Rusiya və İran ilə eyni mövqeyə doğru addımlaması Ağ Evdəki gərginliyi artırmış olacaq.
Roma və Berlinin mövqeyi Liviya məsələsində də oxşar idi, Suriya məsələsində də eyni kurs davam edir. Həmçinin Parisin mövqeyi də əvvəlki kimi sərtdir. Bu sərtliyi azaltmaq üçün isə Rusiyanın Parisə Şərqi Avropada “nəsə verməsi” gərəkəcək.
Suriyanın Şimali və Cənubi Koreya kimi iki hissəyə ayrılması ehtimalı da ekspertlər arasında üstünlük təşkil edir.
Amma hələ mübarizə gedir. Suriyalı qaçqınlar Avropaya üz tutur, amerikalılar isə okeanın o tayında götür-qoy edirlər.
Bir az tərəddüd ABŞ-ın Avropadakı dayaqlarına da zərbə vuracaq.
Beləliklə, qaçqınları geri qaytarmaq lazımdır... Nə Əsəd, nə də İŞİD oyun oynamır. Rusiya isə ümumiyyətlə son illərdə oyuna yox, qarşıdırmaya maraqlı görünür.
Putinin ehtiyatlı davranışları, ritorik çağırışları Putinin yaratdığı real təhlükələrə üstün gələ bilmir.
Rüfət Əhmədzadə
AzPolitika.info

Şərhlər