Rusiya Ukraynanın Luqansk vilayətindən 45 kilometr aralıda, Voronej vilayətinin Boquçar şəhərində ikinci böyük hərbi bazanın inşasına başlayıb.Köhnə hərbi deponun onlarla binadan və hərbi-strateji obyektdən ibarət olan, 1300 ədəd hərbi texnika və 5200 hərbçinin yerləşəcəyi bazaya çevrilməsi planlaşdırılır. Bazada silah-sursat depoları, tibbi-sanitar hissə, hovuz və böyük təlim-tədris kompleksi də olacaq. Nijni Novqoroddakı motoatıcı briqada və digər ərazilərdə “bioloji, kimyəvi və nüvə hücumlarına qarşı hazırlıqlı” birləşmələr də yeni bazaya dislokasiya ediləcək.
Bu məlumat Qərb mediasında narahatlıqla qarşılandı. Xüsusilə də, rəsmi açıqlamanın dislokasiya ilə bağlı sətirləri Rusiyanın nüvə müharibəsinə hazırlaşmasına işarə edir.
Krımda nüvə silahlarının yerləşdirilməsi, Ukrayna sərhədləri boyunca hərbi bazaların gücləndirilməsi və yenilərinin tikilməsi suallar doğurur. Bu, sadəcə xəbərdarlıqdır, yoxsa Rusiya ciddi şəkildə müharibəyə hazırlaşır deyə külli miqdarda vəsaitdən keçir? Bununla, Rusiya həm də Avropada adi silahlarla bağlı sazişdən çıxdığını göstərir.
Birinci baza isə Luqanskdan 20 kilometr aralıda yerləşir və 300 hektarlıq ərazisi olan hərbi bazada 3500 hərbçinin yerləşdirilməsindən söz gedir.
NATO da boş oturmur, vaxtaşırı təlimlər keçirilir. Bu günlərdə NATO baş katibi Yens Stoltenberq Ukraynanın yanında olduqlarını, ordu idarəetməsində islahatlarda Kiyevi dəstəklədiklərini bəyan etdi.
Lakin bu, kifayət edirmi? Çünki NATO Ukraynaya silahla yardım etmir... Üzv ölkələrin özləri də müdafiə xərclərinə qənaətlə yanaşırlar və əsas ümid ABŞ, Böyük Britaniya və Fransaya qalır.
Sentyabrın 21-də Lvovda keçirilən “NATO-Ukrayna” təlimləri zamanı Pyotr Poroşenko bildirdi ki, Ukrayna NATO-da üzvlüyə can atmalıdır və “əvvəlki hakimiyyətlərin bloksuz statusla bağlı səhvlərini düzəltmək lazımdır”.
Sabiq prezident Leonid Kuçma (həm də Donbass danışıqlarında Kiyevin nümayədəsi) də bəyan edib ki, yaxın vaxtlarda Ukraynanın NATO-ya qoşulmasına dair referendum keçirilə bilər.

Kiyev açıq şəkildə NATO-ya meyilli olduğunu vurğuladı – Krımın əldən çıxdığı, Donetsk və Luqanskın da de-fakto işğal olunduğu halda, Ukrayna bu yolu seçməli idi.
Əlbəttə ki, Rusiya ilə dil tapmaq üçün “xüsusi status” vədləri verildi və Minsk müqaviləsi bağlanıldı. Lakin bu müqavilə özünü doğrultmur.
Donetsk separatçıları belə bir ehtimalda dərhal danışıqları tərk edəcəklərini, əraziləri “Kiyev işğalından təmizləyəcəklərini” deyirlər.
Ukrayna və NATO arasında yaxınlaşma tendensiyası 2006-cı ildə başlasa da, bu, fasilələrlə həyata keçirilib. Çünki hakimiyyətlərin dəyişməsi və Rusiyanın təzyiqləri Ukraynadakı qərbmeyilli qüvvələrə mane olurdu. Hazırda “Rusiyadan küsən” təbəqə hakimiyyətdədir və bu əhval-ruhiyyə cəmiyyətdə də üstünlük təşkil edir.
Onda kim mane olur?
Əslində heç kim... Artıq Rusiya da bəyanatlardan əməli addımlara keçib və 2014-cü ildən bəri gedən proseslərdə açıq-aydın görünür.
Heç NATO-nun da Ukraynanı dərhal qəbul edəcəyi gözlənilmir.
NATO-Rusiya toqquşması bu üzvlükdən sonra daha qabarıq şəkildə üzə çıxacaq.
NATO-nun nizamnaməsinə görə, üzv ölkənin ərazisində başqa ölkələrin və ya təşkilatların hərbi bazası ola bilməz. Rəsmi Ukrayna ərazilərində isə Rusiya bazası var və Sevastopoldakı baza sənədlərlə 2017-ci ilə qədər Rusiyanın sərəncamındadır.
Digər tərəfdən, bu müqavilədə (1997) Rusiya da Ukraynanı müasir sərhədlər daxilində tanıyıb.
18 il sonra bu dilemma qarşısında qalan Ukraynanı NATO xilas edəcəkmi? Necə xilas edəcək...
Yoxsa, Ukrayna ərazilərinin itirilməsi ilə barışacaqmı?
Gürcüstan da, Ukrayna da eyni vəziyyətdə və eyni həvəsdədir. Rusiya isə hərbi bazalarını gücləndirməklə, digər tərəfdən NATO üzvü Türkiyənin cənubundakı Suriyanı qorumaqla cavablar verir.
Növbəti mərhələ birbaşa toqquşmalara səbəb olacaq. Ya NATO ehtiyatlı davranacaq, Ukrayna və Gürcüstanla “tərəfdaşlıq” statusunda qalmağı seçəcək... Ya da “Rusiyanın ehtiyatlı davranmasına”, “sakit durmasına” ümid edəcək.
Rüfət Əhmədzadə
AzPolitika.info


Şərhlər