Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi işi ətrafında qalmaqal yenidən qızışıb.
Virtualaz.org saytı xəbər verir ki, bu iş üzrə qərar vermiş və rektorun qızını döyməklə xuliqanlıq əməli törədən iki qardaşın barəsində yüngül hökm çıxarmış hakim elə Hamlet İsaxanlının tələbəsi olub.
Xəbər verildiyi kimi, hadisə bu il martın 9-da baş verib. Baş Prokurorluğun rəsmi məlumatında deyildiyi kimi, martın 9-da, gecə saat 04:25-də Məmmədov Zaur Muxtar oğlu qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbayel rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı, “Bentley” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək əl və ayaqla zərbələr endiriblər.
Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman həmin şəxslər ona imkan verməyərək zorla taksi maşınından düşürüb və yerdə sürüyüb, təkrarən əl və ayaqla zərbələr endiriblər.
Vətəndaşlar hadisəyə müdaxilə edəndən sonra Ü.İsayevaya təkrar təziq göstərilib və o, “Bentley” markalı minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalıb.
Hadisənin videomüşahidə kameraları tərəfindən çəkilmiş görüntüləri internetdə yayılıb və geniş ictimai rezonansa səbəb olub.
Məmmədov qardaşları Bakının “qızıl gəncliyi”nin nümayəndələrindən hesab olunur. Ülkər İsayeva isə əvvəl ailəli olub, Bakının qlamurlarından hesab edilir. Onun atasının rektoru olduğu universitetdə psixologiyadan mühazirələr oxuduğu məlumdur.
Məmmədov qardaşları barəsində hadisədən sonra əvvəlcə həbs-qətimkan tədbiri seçilməmişdi. Daha sonra Baş Prokurorluq müdaxilə etdi və qardaşlar 2 aylıq həbs olundular. Bu iş üzrə məhkəmə hökmü isə hələ avqust ayında Səbayel Rayon Məhkəməsinin hakimi Elşad Şamayev tərəfindən çıxarılıb. Gənclərə bir neçə aylıq islah işləri cəzası verilib.
Virtualaz.org saytı araşdırıb ki, hakim Şamayev tərəfindən bu işə iyul ayının 13-də baxış olub (1(009)-124/15 nömrəli cinayət işi).
Lakin maraqlıdır ki, həmin tarixdən etibarən iş üzrə məhkəmə baxışının gedişinə dair Səbayel Rayon Məhkəməsinin saytında məlumat yer almır.
Prokuror isə hökmdən protest verib. Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətinə sentyabrın 15-də baxıb (1(103)-1118/2015 nömrəli iş).
Məhkəmədəki mənbələrdən məlum olub ki, iş üzrə qərar da çıxarılıb. Həmin qərarın nədən ibarət olduğunu günün ikinci yarısında dəqiqləşdirəcəyik.
Lakin maraqlı detal budur ki, Səbayel Rayon Məhkəməsinin hakimi, iş üzrə yüngül qərar çıxaran hakim Elşad Şamoyev elə Hamlet İsaxanlının tələbəsidir. 1998-ci ildə Xəzər Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. BDU-da isə hüquq üzrə bakalavr və magistr dərəcəsi alıb, Bakı Şəhər Hərbi Prokurorluğunda və Respublika Hərbi Prokurorluğunda işləyib. Daha sonra Səbayel Rayon Məhkəməsinə hakim təyin edilib.
Görəsən, bu detalın iş üzrə qərar çıxarılmasına təsiri olubmu? Çünki insidentdən sonra Hamlet İsaxanlı mətbuata açıqlama verərək qalmaqalı yatırmağa çalışmışdı və bildirmişdi ki, heç bir döyülmədən söhbət getmir. Həmin gənclər onun qızı ilə dostdurlar və hadisə sadəcə olaraq anlaşılmazlıqdır.


Şərhlər