İndiki vaxtla - onu «gecikmiş putin» dövrü adlandırırlar - Brejnev əsri arasındakı paralellər göz qabağındadır. Bizdə, əlbəttə ki, cəhalət daha çoxdur, idarəçilik zəifdir, ideologiya sarıdan vəziyyət lap pisdir və heç bir beynəlmiləlçilik yoxdur, yəni ki, Sovet İttifaqı heç olmasa, leksika barədə düşünürdü. Burada, hər cür «beynəlmiləl borc», «çağırışlara sədaqət» və s. vardı. İndi isə bizdə təmiz geopolitikadır, yəni praqmatizm, fayda, milli üstünlük və... hətta bu bəzilərinin xoşuna daha çox gəlir - hər şey açıq-aşkardır...
Qalan şeylər isə öz yerindədir-artıq «Boinq»i vurmuşuq, amma əlbəttə ki, biz yox (o zaman da biz günahkar deyildik), artıq Suriyaya giririk, siyasi məhbusların sayı elə o vaxtlar olduğu qədərdir, «marazm» haqlayıb və ötüb keçib, neftin qiyməti düşür, əyyaşlıq inkişaf edir - və yalnız bircə fərq var...
Təsəvvür edin - əgər Brejnev 20 yaş cavan və 10 dəfə sağlam olsaydı nə olardı? Ateroskleroz, insult, kəkəlmək olmazdı. Hər gün hovuzda üzər, yarıçılpaq görkəmdə balıq tutardı və bütün dünyanın təbabəti onun qulluğunda dayanardı.
Nəhayət ki, gəlin etiraf edək: SSRİ-də yenidənqurma sosial, iqtisadi səbəblərdən yox, məhz bioloji səbəbdən baş verib. Üç ilin içərisində üç baş katib ölüb. Birincini kədərlə yola saldıq, ikincini - həyacanla, üçüncünü isə - gülüşlə. «Sizin Qızıl meydana buraxılışınız varmı?» - «Mənim abonomentim var».
İndi də belə təsəvvür edin: Brejnev ölməyib. SovİKP-nin 27-ci qurultayını keçirib. Ölkədə daha bir nəsil içki düşkünü olub və qismən ölkədən gedib. Ərzaq barədə çətinliklər var. Əfqanıstanda tamamilə zəifləmişik. Siyasi büronun proqressiv kəsimi xalqa qaranlıq eyhamlar göndərir və ehtiyatlı optimizm təlqin edir. Və heç kim Ona toxunmur, çünki O, heç kimə mane olmur. Çin variantı keçmir - çünki bizdə əhali başqadır. Və nəticədə, Sovet İttifaqı sülh şəraitində daha 10 il, 20 il, 30 il, 50 il çürüyür. Çünki dövlətin birinci şəxsinin fiziki ölümsüzlüyü yaxın 10 ildə əlçatan olacaq - dəqiq deyirəm. Ən pis halda onlar «meçnikovun» 120 ilini yaşaya biləcəklər. Nə olsun ki, onlar Suriyada zəif düşəcəklər? Yavaş-yavaş insanın yeni tipi formalaşacaq - eləsi ki, ona heç nə lazım deyil. O, heç bir dəyişikliyə inanmır və bu dəyişikliyi arzulayan hər kəsə nifrət edir. Tədricən hamı -yaşamaq istəyən hər kəs ölkədən gedəcək, əvəzində isə ölkədə siyasi sığınacaq alıb, yaşamaq yox, çürümək istəyənlər qərarlaşacaqlar. Belələri çoxdur. Bu, pessimist variantdır...
Optimist variant isə (mənim optimist olduğumu unutmamısınız ki?) belədir - nəhayət, Rusiyada azadlıq bioloji və dövrü səbəbdən yox, sosial-iqtisadi səbəblərdən qələbə çalır. Yəni ki, insanlar yapışıb, nisbətən travmatik yox, intibah yolu ilə normal cəmiyyət qururlar. Belə mümkündürmü? 1980-ci illərdə belə mümkün olardımı? Düşünürəm ki, olardı. Və nə isə mənə diqtə edir ki, inkişafın belə variantı yaşansaydı, 2015-ci ildə Rusiyada axmaqların sayı xeyli az olardı...
Dmitri Bıkov, yazıçı
Ruscadan çevirdi: Mirzə AĞ


Şərhlər