Menu

BMT kürsüsündən - Ən yaddaqalan çıxışlar

28.09.2015, 16:13
BMT kürsüsündən - Ən yaddaqalan çıxışlar

Bu həftə bütün dünyanın nəzərləri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasına yönəlib.

Bu “yubiley” sessiyası müasir dünya tarixində ən əhəmiyyətli toplantılardan biri hesab olunur, çünki bu sessiya Suriya müharibəsi, Yəmən müharibəsi, İŞİD problemi, Ukrayna böhranı, qaçqın böhranı, neftin ucuzlaşması, qütbləşmənin dərinləşməsi və ABŞ-Rusiya münasibətlərinin “soyuq müharibə” həddinə çatması fonunda keçirilir.

Baş Assambleyanın 70 illik tarixində bir sıra qalmaqallı və yadda qalan çıxışlar olub ki, onlardan bəzilərini qeyd etmək yerinə düşər:

Nikita Xruşşov və “Kuzkinin anası”

İndi yada salındıqda çoxunu həm heyrətləndirən, həm də güldürən bu çıxış BMT Baş Assambleyasının bütün tarixi boyunca ən əlamətdar çıxışlardan hesab olunur. Lakin 1960-cı ildə dünyanın nəhəng dövləti olan SSRİ rəhbərinin alovlu çıxışı o vaxt daha çox qorxu ilə qarşılanmışdı. ABŞ-ın mövqeyini dəstəkləyən Filippin nümayəndəsindən sonra kürsüyə çıxan Xruşşov öz hiddətini saxlaya bilməmiş, əvvəlcə kürsünü yumruqlamağa, sonra isə çəkməsini çıxarıb döyəcləməyə başlamışdı. Öz tarixi çıxışında Xruşşov həm də tərcüməçiləri çaş-baş qoymuşdu: məhz SSRİ liderinin Amerika imperiyalizmini “Kuzkinin anası” ilə hədələməsi dünya tarixində ən yadda qalan və kuryoz hadisə sayıla bilər. İndinin özündə də “Kuzkinin anası” ifadəsi diplomatik dairələrdə populyar “zərbi-məsəl” kimi yada düşür.

Fidel Kastro və “Talan fəlsəfəsi”

BMT Baş Assambleyasının 1960-cı ildə keçirilən 15-ci sessiyasında “partlayış nitqi”ni təkcə Xruşşov səsləndirməmişdi. Kuba lideri Fidel Kastro özünün 4 saat 29 dəqiqəlik çıxışı ilə Ginnesin Rekordlar Kitabına düşüb, özünün “Talan fəlsəfəsi” nitqi ilə BMT-nin tarixində iz salıb.

Çe Gevaradan “boşboğaz”lara səsləniş

Kastrodan sonra, 1964-cü ilin 16 dekabrında Ernesto Çe Gevaranın alovlu çıxışı da yadda qalan nitqlərdən hesab olunur. Yaşıl hərbi formada kürsüyə çıxan Gevara BMT üzvlərini “dünyanın ciddi problemlərini həll etmək naminə boş natiq yarışmalarına son verməyə” çağırmışdı. Onun bu nitqi indinin özündə də dünya sosialistəri tərəfindən ən ilhamlandırıcı nitqlərdən biri hesab olunur və davamlı olaraq solçu mətbuatda dərc olunur.

Yasir Ərəfatın “Zeytun budağı və tüfəngi”

Yasir Ərəfat BMT-yə daxil olmayan ilk ölkə lideri idi ki, Baş Assambleyasın sessiyasında çıxış etmişdi. Fələstin lideri 1974-cü ildə etdiyi çıxışında BMT-ni Fələstinə suverenitet hüququ verməyə çağırdı. Nitqinin ən yadda qalan hissəsi belə idi: “Bu gün mən sizə bir əlimdə sülhü bildirən zeytun budağı, bir əlimdə isə azadlıq döyüşçüsünün silahı ilə gəlmişəm. İmkan verməyin ki, zülh budağı mənim əlimdən düşsün”.

“Şeytan” və Huqo Çaves

Venesuela prezidenti Huqo Çaves BMT Baş Assambleyasının 2006-cı ildəki sessiyasında əvvəlcə nümayişkəranə şəkildə xaç çevirmiş, ondan əvvəlki gün çıxış edən oğul Corc Buşu nəzərdə tutaraq, “dünən burda şeytan var idi”- demiş və şeytana qarşı mübarizədə dünya güclərindən kömək istəmişdi. Çavesin bu çıxışı onu ABŞ-a müqavimət göstərən əsas fiqurlardan birinə çevirdi.

Müəmmar Qaddafi BMT-nin xartiyasına qarşı

Liviya lideri polkovnik Müəmmar Qəddafi 40 illik hakimiyyəti dövründə ilk dəfə olaraq 2009-cu ildə BMT-nin Baş Assambleyasında çıxış edərkən, 15 dəqiqəlik reqlamentə məhəl qoymamış və saat yarım çıxış etmişdi. Bədəvi libasında kürsüyə çıxan Qəddafi çıxışının kuliminasiya nöqtəsində BMT Xartiyasının əlindəki nüsxəsini cırmış və onu tanımadığını bəyan etmişdi.

Binyamin Netanyahunun bombası

İsrail baş naziri Benyamin Netanyahunun çıxışı BMT Baş Assambleyasının 2012-ci il sensasiyasında kürsüyə bomba şəkli ilə çıxaraq, İranın nüvə proqramının dünya üçün təhlükəsindən danışmağa başlamışdı. Onun sözlərinə görə, dünya üçün “nüvə silahlı İran”dan təhlükəli heç nə ola bilməz.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol