Dəniz yolu ilə Avropaya keçməyə çalışan, təxminən 50 min mühacir, Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığının xilasetmə dəstələri tərəfindən xilas edilib. Türkiyənin Anadolu agentliyinin verdiyi xəbərə görə, mühacir axını sadəcə Türkiyənin deyil, bütün Avropanın ən önəmli problemlərinindən birinə çevrilib.
Türkiyənin sahil ərazilərində ötən il 15 min mühacir saxlanılmışdısa, bu ilin ilk 8 ayında saxlanılan mühacir sayı 48 mini ötüb. Son ilyarım müddətdə insan ticarəti ilə məşğul olan onlarla cinayətkar qrup məhv edilib, 200-dən çox “təşkilatçı” həbs edilib.
Hollandiya, İsveç kimi bəzi Avropa Birliyi ölkələrinin bu ilin əvvəlindən başlayaraq, qaçqınlara sığınacaq verəcəkləri ilə bağlı açıqlamaları minlərlə mühacirin Avropaya axın etməsinə səbəb olub. Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığının yaydığı məlumata görə, dəniz yoluyla baş tutan köç sayı ötən ildən bəri təxminən 400 –dən çox artıb.
Türkiyənin sularda xilasetmə xidməti tərəfindən xilas edilən mühacir sayı ötən il 574 hadisə üzrə 14961 nəfər idisə, bu il 428 hadisədə 53874 nəfərə çatıb.
Ümumilikdə mühacirlər əsasən Suriya, Əfqanıstan, Myanma və İraqdan qaçanlardır.
Ən çox mühacir Türkiyədədir
Birləşmiş Millətlər Təşkilatının rəqəmlərinə görə, dünyada 50 milyondan çox insan qaçqın statusunda və vətənlərindən didərgin salınmış vəziyyətdədirlər. 2015-ci ilin əvvəllərindən etibarən dünyanın ən çox mühacir qəbul edən ölkəsi türkiyə, ən çox insanın qaçqın düşdüyü ölkə isə Suriyadır. 2.2 milyon Suriya və Iraq vətəndaşına sığınacaq verən Türkiyə, mühacirlər üçün 7.6 milyard dollar xərcləyib.
2800 nəfər sularda batıb
Ölüm riskini gözə alaraq dəniz yolu ilə xilas olmaq yolunu seçən mühacirlərdən 2812 nəfər həyatını itirib. İnsan ölümlərinin əksəriyyəti Liviya və Tunis üzərindən Malta və İtaliyaya yönələn nizamsız köç zamanı baş verib. Statistikaya görə, dəniz üzərindən edilən nizamsız köç zamanı Avropa ölkələri, öz su sərhədlərinə girən qaçqınların həyatını "geri göndərmək" əməliyyatları ilə təhlükəyə atarkən, Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığının ən böyük prioriteti insan həyatı olub.
Aralıq dənizində Avropa ölkələri tərəfindən həyata keçirilən əməliyyatlarda ölüm faizi 1.6 ikən, Türkiyənin öz bölgəsində reallaşdırdığı həssas xilasetmə əməliyyatlarında bu nisbət 0.1 faizə qədər azalıb.
Dəfələrlə cəhd edirlər
Sahil Təhlükəsizlik Komandanlığının hesabatlarında yer alan bir başqa bir diqqət çəkən məlumat isə odur ki, mühacirlərin əksəriyyəti, bütün təhlükələri gözə alaraq xilas olmağı bacarana qədər bu dəfələrlə yola çıxır və həyatlarını riskə atmaqdan çəkinmirlər.
Təşkilatın hesabatında deyilir ki, insanları bu cür təhlükəli köçə vadar edən səbəbləri aradan qaldırmadan mühacir axınını əngəlləmək mümkün olmayacaq. (musavat.com)




Şərhlər