Səudiyyə Ərəbistanının valyuta ehtiyatları 31 ayın ən aşağı səviyyəsinə enib
Səudiyyə Ərəbistanının valyuta ehtiyatları azalaraq Avqust ayında təxminən 3 ilin ən aşağı səviyyəsinə enib. Dünyanın ən böyük neft ixracatçısı neft qiymətlərinin 50 dollardan aşağı düşməsilə çətinlik çəkir.
Ölkənin mərkəzi bankı tərəfindən saxlanılan ehtiyatlar 654.5 milyard dollara enib. İyulda valyuta ehtiyatları 661 milyard dollar səviyyəsində idi.
Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin Avqustunda 737 milyard dollar ilə rekord səviyyəyə çatmasından bu yana 82.5 milyard dollar "əriyib".
Neftin düşməsi, Səudiyyə Ərəbistanının dövlət maliyyəsinə təzyiq edir, hökuməti qənaət etməyə və 2007-ci ildən bu yana ilk dəfə istiqraz satışı etməyə məcbur edib. Beynəlxalq Valyuta Fonduna görə, ölkənin büdcə kəsiri ümumi daxili məhsulunun 20%-nə çata bilər.
İqtisadçılar bildirirlər ki, valyuta ehtiyatlarında yığımdan çox azalmanın görülməsi Səudiyyə Ərəbistanının yeni reallığıdır.

Şərhlər